SON XƏBƏRLƏR

Marağa məntəqəsində kəndlər əhalidən boşalır

2021.10.20, 07:36
Marağa məntəqəsində kəndlər əhalidən boşalır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır.

 

Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şükri noyabrın 21-də rəhbərlik etdiyi idarənin işçiləri ilə görüşdə bölgədə yaşanan iqtisadi problemlərə toxunub.

 

“Əyalətdə bir çox kənd əhalidən boşalıb. Bu problem Marağa məntəqəsinə də aiddir. Marağa, Şərqi Azərbaycan Əyalətinin ümumi sahəsinin 4.8 faizini təşkil edir. Əyalətdə əhalidən boşalan kəndlərin 3.5 faizi isə məhz Marağa məntəqəsində yerləşir.”- deyə o bildirib.

 

Vali müavini vurğulayıb ki, kəndlər sakinləri iqtisadi çətinliklərə görə şəhərlərə köçdüyü üçün əhalidən boşalır.

 

Həmid Şükri

 

İclasda Şərqi Azərbaycan valisinin idarəetmə sahəsinin inkişafı üzrə müavini Həmidrza Qasimzadə də iştirak edib. Cəmiyyətin əsas problemlərinin proqramsızlıqdan irəli gəldiyini deyən vali müavini qısamüddətli tədbirlərlə inkişafa nail olmağın qeyri-mümkün olduğunu bildirib. O dövlətin yanlış iqtisadi siyasətinə işarə etmədən hər kəsi ölkənin dini lideri Əli Xamneyinin vurğuladığı müqavimət iqtisadiyyatı üsuluna riayət etməyə çağırıb.

 

Qeyd edək ki, kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Şərqi Azərbaycan Əyalətinin məsulları tərəfindən vaxtaşırı dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələr, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik səyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə daha da dərinləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar