SON XƏBƏRLƏR

Marağa Universitetinin “Elin” nəşriyyəsinin fəaliyyətinin dayandırılmasına səbəb olan qondarma ittihamlar məlum olub

2021.10.20, 07:36
Marağa Universitetinin “Elin” nəşriyyəsinin fəaliyyətinin dayandırılmasına səbəb olan qondarma ittihamlar məlum olub

Gunaz.tv

GünAz TV: “Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı” bir sıra sənədlər yayaraq nəşr etdirdikləri “Elin” öyrənci dərgisinin məruz qaldığı ittihamları açıqlayıb.


Marağa Universitetinin Mətbuata Nəzarət Komitəsi türk və fars dillərində nəşr çap olunan “Elin” nəşriyyəsinin fəaliyyətini bir il müddətinə dayandırıb. Nəşriyyə “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.


“Elin” nəşriyyəsi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Mətbuata  Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdur.


Yayılan sənədlərə görə, komitə son iki sayıda yayılan mətləblərə 14 irad tutub, “Ana dili” və “Azərbaycan” sözləri bölücülük kimi təfsir olunub.


Nəşriyyənin fəaliyyətinə qadağa müddəti komitənin mayın 24-də nəşriyyə ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq. Etiraz etməyə fürsəti olmasın deyə qadağa hökmü ”Elin” nəşriyyəsinin məsullarına vaxtında elan olunmayıb.


Xanım Mühəddisə Bəhrinin müdir-məsulu olduğu nəşriyyənin 14-cü sayında Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı mətləblər dərc olunub.


2010-cu ildən fəaliyyət göstərən “Elin” nəşriyyəsi Marağa Universitetinin türk dilində yayılan yeganə nəşriyyəsidir. Mətbuat orqanının fəaliyyətinə qarşı yaradılan manelər bölgənin mədəni fəallarının kəskin etirazına səbəb olub.

 

 

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar