SON XƏBƏRLƏR

Marağada 10 min şagird üçün məktəb çatışmır

2021.10.20, 07:36
Marağada 10 min şagird üçün məktəb çatışmır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Marağa şəhərində yeni tikilən 6 şəhərcikdə 10 min şagird üçün heç bir məktəb binası inşa edilməyib.

 

Bu barədə Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyəti başçısı Həmid Şükri, Marağa Təhsil Şöbəsi Şurasının keçirdiyi iclasda çıxış edərkən danışıb.

 

“Marağada yeni tikilmiş 6 şəhərcikdə heç bir məktəb və təhsil ocağı yoxdur. Ona görə də şəhərciklərdə yaşayan 10 minə yaxın şagird təhsil üçün hər gün şəhərə gedib-gəlməlidir. Bu məsələ şagirdlərin ailəsinə əlavə xərc yaratmaqla yanaşı şəhərdə tıxac yaradır və digər problemlərə səbəb olur”- deyə o vurğulayıb.

 

Marağa İcra Hakimiyyəti başçısının sözlərinə görə, şəhərcik tikənlər nəinki heç bir məktəb binası inşa etməyiblər, hətta bəzi hallarda təhsil müəssisəsi kimi istifadə olunan binaları da yaşayış evlərinə çeviriblər.

 

H.Şükri qeyd edib ki, Marağada “Mehr” Yaşayış Məntəqəsi adı ilə tikilən 5 min ev üçün yalnız bir məktəb inşa edilib, həmin məktəb də xeyriyyəçilərin hesabına tikilib.

 

Şərqi Azərbaycan valisinin müavini sözlərinin davamında əlavə edib ki, “Marağada adambaşına düşən təhsil sahəsi 4 metrdən azdır. Bu isə ölkə və əyalətin orta hesabı ilə müqayisədə aşağı rəqəmdir.”

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində  təhsil ocaqlarının çatışmadığı, həmçinin məktəb binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb, yerli məsullar isə bu barədə xəbərdarlıq ediblər. Buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir görməyib, yeni tikilən məktəblərin böyük əksəriyyəti isə yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar