SON XƏBƏRLƏR

Məhəmməd Baqiri: “Biz, Hörmüz boğazını bağlamaq niyyətində deyilik”

2021.10.20, 07:36
Məhəmməd Baqiri: “Biz, Hörmüz boğazını bağlamaq niyyətində deyilik”

Gunaz.tv

GünazTV: İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri aprelin 28-də jurnalistlərə açıqlamasında Hörmüz boğazından və İranın neftinin ixracatından danışıb.

 

O bildirib ki, İran Hörmüz boğazının təhlükəsizliyinin qorunmasının tərəfdarıdır: “Biz, Hörmüz boğazını bağlamaq niyyətində deyilik. Lakin əgər düşmənlərin ölkəmizə qarşı etdikləri dözülməz həddə çatsa, başqa çarə və yol qalmadığı təqdirdə, məcburiyyət qarşısında bunu edə bilərik. Aydın məsələdir ki, bu barədə ölkənin yüksək vəzifəli rəhbərləri qərar verir, biz isə sadəcə olaraq, onların əmrini yerinə yetiririk.

 

Biz, Hörmüz boğazının təhlükəsizliyinin qorunmasını istəyirik və bu boğazın təhlükəsizliyi ölkəmiz tərəfindən təmin edilir. Bizim gəmilərimiz digər ölkələrin gəmiləri kimi sərbəst şəkildə hərəkət edir, bu boğazdan keçirlər. Lakin əgər kimsə bu boğazın təhlükəsizliyini pozmağa çalışsa, sözsüz ki, biz onun qarşısını alacağıq.

 

Bir daha bildiririk ki, əgər bizim neft bu boğazdan keçib ixrac olunmasa, sözsüz ki, digər ölkələrin də nefti bu boğazdan keçməyəcək. Bu, Hörmüz boğazını bağlamaq anlamında deyil. Bizim buna niyyətimiz də yoxdur. Lakin əgər düşmənlərin bizə qarşı düşmənçiliyi həddini aşarsa, bunu etməkdən başqa çarəmiz qalmayacaq. Düşmənlər də bizim buna qadir olduğumuzu yaxşı bilirlər” –deyə Məhəmməd Baqiri əlavə edib.

 

Xatırladaq ki, “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri aprelin 22-də “Əl-Aləm” telekanalına müsahibəsində Amerikanı körfəzdəki Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib. Onun bu təhdidi, Mayk Pompeonun Amerikanın İranın neft satışına qarşı sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin mayın 2-də başa çatacağını elan etməsindən və Vaşinqtonun bu il İranın neft ixracatını sıfıra endirmək niyyətində olduğunu bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

 

“Hörmüz boğazı beynəlxalq qanunlara əsasən bir dəniz keçid yoludur. Aydın məsələdir ki, əgər İran gəmilərinin həmin boğazdan istifadəsinin qarşısı alınsa, biz bu boğazı bağlayacağıq” – deyə Əlirza Təngsiri vurğulayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti tərəfindən terrorçu təşkilatlar siyahısına salınan “Sepah”ın digər komandirləri bundan əvvəl də öz bəyanatlarında Amerikanı və region ölkələrini təhdid edərək, Hörmüz boğazını bağlayacaqlarını bildiriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar