SON XƏBƏRLƏR

Məhəmməd Baqiri: “Bizim qonşularımızla düşmənçiliyimiz yoxdur. Xarici təcavüz qarşısında möhkəm dayanacağıq”

2021.10.20, 07:36
Məhəmməd Baqiri: “Bizim qonşularımızla düşmənçiliyimiz yoxdur. Xarici təcavüz qarşısında möhkəm dayanacağıq”

Gunaz.tv

GünazTV: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri sentyabrın 24-də ölkə parlamentində çıxış edərək, Yəmən savaşından, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən, eləcə də qonşu ölkələrlə münasibətlərdən danışıb.

 

Öz çıxışında Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilən dron hücumlarına eyham vuran Baqiri, Ər-Riyadı və Birləşmiş Ərəb Əmirliklərini Yəmənin daxili işlərinə qarışmaqda günahlandırıb: “Hesab edirik ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin Yəmən bataqlığından qaçmaqdan başqa yolları yoxdur. Bu gün Yəmən milləti düşməni belə bir qənaətə gəlməyə məcbur edib.

 

Düşmənlərimizə isə bildiririk ki, biz ölkəmizə qarşı mümkün hər hansı bir xarici təcavüzün qarşısında möhkəm dayanacaq, Amerika və Britaniyanın təzavüzkar dron və gəmilərinə qarşı atdığımız addımı onlara qarşı da atacağıq. Düşmənlərimiz bilməlidir ki, İrana təcavüz, onların məhvi və əsarətə götürülməsi deməkdir.

 

Biz həmçinin üzümüzü regiondakı qonşularımıza tutub deyirik ki, bizim onların heç biri ilə düşmənçiliyimiz yoxdur. Bu arada Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri regionda bizə qarşı plan quran ölkələrin önündə gedirlər. Bəzi müsəlman ölkələri də yollarını azıblar. Hesab edirik ki, həmin ölkələr yenidən islamın qoynuna qayıtmalı, İrana yaxınlaşaraq bizimlə əməkdaşlıq etməlidirlər. Çünki məhz belə olan halda, biz bölgədə sülh, əmin-amanlıq və inkişafın şahidi olacağıq” –deyə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

 Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar