SON XƏBƏRLƏR

Məhəmməd Səlasa çıxarılan ölüm hökmü icra edildi. Dərviş dara çəkildi

2021.10.20, 07:36
Məhəmməd Səlasa çıxarılan ölüm hökmü icra edildi. Dərviş dara çəkildi

Gunaz.tv

GünAzTV: Tehranda dörd ay əvvəl Qonabad dərvişlərinin dinc etirazında polis tərəfindən vəhşicəsinə döyülərək həbs edilən və 3 polisin qətlində günahlandırılan dərviş Məhəmməd Səlas edam edilib.

 

Bu barədə Tehran prokurorluğu iyunun 18-də məlumat yayıb. Məlumatda bildirilir ki, Məhəmməd Səlas bu gün sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilərək qisas edilib.

 

Dörd ay əvvəl Tehranda hökumət qüvvələrinin dərvişlərin dinc etirazına qarşı kobud müdaxiləsində həbs edilmiş dərviş Məhəmməd Səlas, bir avtobusu hüquq-mühafizə qüvvələrinin üstünə sürməkdə və 3 polis əməkdaşının qətlində günahlandırılaraq edama məhkum edilmişdi.

 

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı iyunun 17-də bəyanat yayaraq, dərvişə qarşı irəli sürülən ittihamlarda şübhəli məqamların olduğunu bildirərək, İran rəsmilərindən Məhəmməd Səlasa çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını, onun işinə yenidən baxılmasını və ona şəffaf və ədalətli bir məhkəmənin keçirilməsini tələb etmişdi.  

 

Dərvişin vəkili Zeynəb Tahiri, iyunun 17-də “Twitter” və “Teleqram” sosial şəbəkələrində yaydığı bir neçə postda müvəkkilinin günahsız olduğunu bildirərək, ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu, müvəkkilindən işgəncələr altında yalançı etiraflar alındığını bildirmişdi: “Mən uzun illər vəkillik etdiyim üçün qəti şəkildə və tam əminliklə bildirərəm ki, müvəkkilim günahsızdır. Bunu sübut etmək üçün əlimdə kifayət qədər dəlil-sübutlar var. Lakin müvəkkilimə qarşı edilən bu qədər zülmün, onun tələm-tələsik edam olunması üçün göstərilən cəhdlərin səbəbi mənə aydın deyil”.

 

Vəkil, İranın dini lideri Əli Xamneyiyə müraciət edərək, ondan işə qarışaraq, müvəkkilinin edamının qarşısını almağı xahiş etsə də, az sonra, ETTELAAT-ın mülki geyimli əməkdaşları, onun ofisinə basqın edərək, müvəkkili Məhəmməd Səlasın günahsız olduğunu sübut edən bir sıra sənədləri müsadirə edərək özləri ilə aparmışdılar.

 

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı dinc dərvişlərin hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü görən naməlum bir şəxs, küçədə dayanmış bir avtobusu əli dəyənəkli hüquq-mühafizə əməkdaşlarının üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.  

 

Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin iddiasına görə, dərviş Məhəmməd Səlas, polislərin üstünə sürülən avtobusun sürücüsü olub. O isə bunu təkzib edərək, işgəncələr altında ondan yalançı etiraflar alındığını bildirmişdi.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar