SON XƏBƏRLƏR

Məhsa Mehdili: “Biz hamımız Abbas Lisaniyik” – MÜSAHİBƏ

2021.10.20, 07:36
Məhsa Mehdili: “Biz hamımız Abbas Lisaniyik” – MÜSAHİBƏ

Gunaz.tv

GünAz TV: Tanınmış güneyli fəal Abbas Lisani yanvar ayının 15-də Təbrizdə qatıldığı məhkəmə iclasının bitməsindən sonra həbs edilib.

 

Milli fəalın aclıq aksiyası keçirdiyi və sağlıq durumunun yaxşı olmadığı bildirilir. Bir sıra müşahidəçilər Abbas Lisaninin həbsi ilə güneyli milli fəallara qarşı təqiblərin artması və həbs dalğasının başlaya bilməsi ilə bağlı narahatlıqlarını bildirir. Güneyli hüquq müdafiəçisi və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Məhsa Mehdili “Amerikanın Səsi”nin "Amerika icmalı" proqramında müsahibəsində Abbas Lisaninin həbsi və durumu haqda danışıb.

 

Abbas Lisaninin keçən il may ayında Güney Azərbaycanda tanınmış musiqiçi və müəllim Həsən Dəmirçinin Təbrizdə dəfn mərasimində söylədiyi nitqinə görə həbs edildiyi bildirilir. Məhsa Mehdili milli fəalın bundan əvvəllər də dəfələrlə həbs edildiyini deyib və onun son həbsinin qeyri-qanuni adlandırıb.

 

Məhsa Mehdilinin bildirdiyinə görə, Abbas Lisaninin ailə üzvləri ilə görüşməsinə imkan yaradılmır və onun durumu ilə bağlı ailəsinə məlumat verilmir. Onun sözlərinə görə, Abbas Lisani vəkillə təmin edilməyib.

 

“Abbas bəyin hüquqlarını müdafiə edəcək bir vəkil verməyib. Hətta ailəsi ilə görüşdürülmür. Yanvarın 15-dən sonra heç bir bilgi verilmir. Sadəcə deyilib ki, `biz Təbrizdə saxladıq, gətirdik Ərdəbilə və məhkəmədə həbs ediblər. Heç bir hökm olmadan, vəkil olmadan, ailəsi ilə görüşdürülmədən.”

 

Məhsa Mehdili milli fəalların Güney Azərbaycanda Abbas Lisaninin müdafiə məqsədilə kampaniyaya başladıqlarını bildirib.

 

“İndi ciddi kampaniyalar başlanıb Güney Azərbaycan milləti tərəfindən, milli fəallar tərəfindən. Ham sosial mediada, həm şəhərlərin divarlarında əkslər, tablolar gəlir ki, `Biz hamımız Abbas Lisaniyik` və bu mənim diqqətimi çəkdi ki, Güney Azərbaycanının bir çox şəhərlərində də divarlara yazılıb: Azərbaycanı müdafiə edən Abbas Lisanini buraxın, azadlığa buraxın `. Abbas Lisani həqiqətən bütün Azərbaycanın müdafiəçisidir və onu müdafiə etmək bizim borcumuzdur”.

 

Məhsa Mehdili milli fəallar arasında Abbas Lisaninin həbsindən sonra təqiblər və həbs dalğasının başlaya biləcəyi ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.

 

“Bizim hərəkatımız mədəni bir hərəkatdır. Amma rejimin qoyduğu təpki, verdiyi qarşılıq tamamilə qeyri-mədəni üsullara, insanlıqdan xaric bir qarşılıqdır və tamamən basqı üzərinə, şiddət üzərinədir. Çünki Abbas bəy neyləyib? Danışıb. Azərbaycanın haqlarından danışıb. Millətinin haqlarından danışıb və rejimin təpkisinə baxın.”

 

Müsahibənin videosunu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
https://www.amerikaninsesi.org/a/m%C9%99hsa-mehdili-biz-ham%C4%B1m%C4%B1z-abbas-lisaniyik/4769175.html

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar