SON XƏBƏRLƏR

Məhsa Mehdili: Özümüzü mərkəzçi qruplardakı türklərə anlatmalıyıq – Müsahibə / AUDİO

2021.10.20, 07:36
Məhsa Mehdili: Özümüzü mərkəzçi qruplardakı türklərə anlatmalıyıq – Müsahibə / AUDİO

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü Məhsa Mehdili “Amerikanın Səsi” ilə söhbətdə ‘Güney Azərbaycan Milli Hərəkatı’-nın İranın mərkəzçi qruplarla dialoq içində olduğu təqdirdə güclənəcəyini ifadə edib.

 

Milli fəal bildirib ki, “biz oturub mərkəzçi qrupları gözləməməliyik ki, gəlib bizimlə danışsınlar. Təşəbbüskar olmalıyıq. Hər şeydən öncə də özümüzü o mərkəzçi təşkilatlarda önəmli mövqelərdə olan türklərə anlatmalıyıq.”

 

Məhsa Mehdilinin fikrincə, İran toplumundakı siyasi atmosfer, siyasi partiyaların həmçinin, media və ifadə azadlığının olmaması müxtəlif qruplar arasında dialoq zəmininin yaranmasına mane olub. O, bu vəziyyətin mərkəzi hakimiyyətin xeyrinə olduğunu qeyd edir.

 

“Mərkəzçi müxalifətin içində bir çox türk var. Hətta bir çox qrupun öndə gedənləri türklərdir. Bizdəndirlər. Azərbaycanlıdırlar. Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik. Hələ qalsın mərkəzçi qeyri-türk aktivistlərə,” deyə Mehdili dilə gətirir.

 

Onun söylədiklərinə görə, bu durumun səbəblərinin bir qismi İrandakı siyasi mühit və mərkəzçi qruplardan asılı olsa da, digər qismi milli hərəkat qüvvələrindən asılıdır:

“Səbəblərin bir qismi İrandakı o siyasi mədəniyyətdən asılıdır, dialoq mədəniyyətinin olmamasından. Bir qismi də mərkəzçi qrupların problemləri həmişə öz perspektivlərindən görmələri ilə bağlıdır. Amma səbəblərin bir qismi də bizdən asılıdır ki, dialoqun zərurəti və önəmi üstündə durulmayıb. Bu ciddi bir zəiflikdir.”

 

Məhsa Mehdili əlavə edir, “biz bağlı bir dairə içində qala bilmərik. İstər bu gün, istər sabah məcburuq həm mərkəzi hakimiyyətlə, həm də müxalif qruplarla danışaq. Yoxsa kənarda qalarıq. Biz hər hansı sistemə inansaq da, hər hansı idarə şəklini istəsək də, İranda yaşayan digər qruplar ilə əlaqədə olmalıyıq. Bu bizim gücümüzü göstərər.”

 

Onun fikrincə, milli hərəkat qüvvələri mərkəzçi qruplarn onlara gəlməsini gözləmək yerinə, özləri dialoq zəminini hazırlamalıdırlar.

 

“Bizim zehniyyətimiz elə olub ki, həmişə onlardan ummuşuq. Ümid etmişik ki, mərkəzçi media bizi gündəmə gətirsin, ilk addımı onlar atsın. Bizim bir sözümüz, bir ideyamız varsa, bunu fərqli qruplara anlatmaq üçün özümüzə inamımız olmalıdır. Bu bizdən başlamalıdır. Elə də onlardan gözləməməliyik. Bu ki, onlar bizi görmür, bir həqiqətdir. Amma bizim problemimiz onların problemi deyil. Biz onları başa salmalıyıq ki, əgər İranda problemlərin çözümünü istəyirsiniz, bizi görməlisiniz.”

 

Onun dediklərinə görə, milli hərəkat qüvvələri arasında mərkəzçi qruplar ilə dialoqu zəiflik əlaməti görənlər və bu istiqamətdə fəaliyyət göstərənlərə hücum edənlər də var.

 

“Bizim təşəbbüskar olmağımız, qabiliyyətlərimizin inkişaf etdiyini göstərər. Zəiflik əlaməti olmaz... Bunu ilk başda da, o mərkəzçi qruplardakı türklərlə irtibata geçərək başlamalıyıq,” Məhsa Mehdili əlavə edir.

 

O, bu istiqamətdə bəzi fərdi və kollektiv fəaliyyətlərin həyata keçirildiyini bildirir.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı Linkə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/mehsa-turk-dialoq/4153049.html

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar