SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan: “Səhiyyə Nazirliyinin ölkədə koronavirusa yoluxanlarla bağlı yaydığı statistik rəqəmlər gerçək deyil”

2021.10.20, 07:36
Məsud Pezeşkiyan: “Səhiyyə Nazirliyinin ölkədə koronavirusa yoluxanlarla bağlı yaydığı statistik rəqəmlər gerçək deyil”

Gunaz.tv

GünazTV: İran parlamentinin sədr müavini Məsud Pezeşkiyan martın 3-də jurnalistlərə açıqlamasında ölkədə sürətlə yayəlmaqda olan koronavirusdan və İran Səhiyyə Nazirliyinin virus qurbanlarının sayı haqda gündəlik yaydığı statistikadan danışıb.

 

Təbrizli millət vəkili bildirib ki, Səhiyyə Nazirliyinin virus qurbanlarının sayı ilə əlaqədar yaydığı gündəlik statistika xəstəliyə yoluxanların hamısına şamil edilmir: “İran Səhiyyə Nazirliyinin ölkədə koronavirusa yoluxanlarla bağlı yaydığı statistik rəqəmlər gerçək deyil.

 

Ölkə parlamentinin üzdə sağlam olan deputatlarından analiz götürüləndən sonra onların mühüm bir qisminin testləri müsbət çıxıb və onların virusa yoluxduqları aşkar edilib. Bax, vəziyyət parlamentdə  necədirsə, cəmiyyətdə də elədir.

 

Mən, Səhiyyə Nazirliyinin yerində olsaydım, elə ilk gündən Qum şəhərini karantinə alardım. Hazırda virusa yoluxanları qəbul etmək üçün xəstəxanalarda boş yer qalmayıb. Güman edirəm ki, belə getsə, vəziyyət gündən-günə daha da pisləşəcək” -deyə, İran parlamentinin sədr müavini Məsud Pezeşkiyan əlavə edib.

 

Həmçinin İran parlamentinin Təbriz, Azərşəhr və Üsküdən seçilmiş digər azərbaycanlı deputatı Şəhabəddin Bimiqdar, “İlna” agentliyinə açıqlamasında ölkə rəsmilərinin virusun yayılmasının qarşısını almaq üçün çox gec qabaqlayıcı tətbirlər görməyə başlamasından və onların ardıcıl olaraq səhvlərə yol verməsindən gileylənib: “Əgər ilk gündən Qum şəhəri karantinə alınsaydı, bu xəstəlik bu qədər geniş miqyasda yayılmazdı. Ölkədə virusun mənşəyi Qum şəhəridir. Ölkənin digər əyalətlərinə və hətta bəzi qonşu ölkələrə də bu virus Qum şəhərindən gedib çıxıb” -deyə, İran parlamentinin Təbriz, Azərşəhr və Üsküdən seçilmiş deputatı Şəhabəddin Bimiqdar bəyan edib.

 

İran parlamentinin deputatı Şəhabəddin Bimiqdar

 

İranda yayılan yeni statistikaya əsasən, son həftələr ölkə parlamentinin 290 deputatından 23-ü koronavirusa yoluxub. Məhz həmin səbəbə görə də, İran Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə hazırda parlament müvəqqəti olaraq öz işini dayandırıb və onun iclas keçirməyə haqqı yoxdur.

 

 İran səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 3-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanları ilə bağlı yeni statistikanı açıqlayaraq, ölənlərin sayının 77-ə, yoluxanların isə 2 min 336 nəfərə çatığını bildirib.

 

 İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 77-yə, yoluxanların isə 2 min 336 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar