SON XƏBƏRLƏR

Meysəm Colani tanınmış fəal Abbas Lisaninin dosyesi ilə maraqlananlar və onlara olan təzyiqlərdən yazıb

2021.10.20, 07:36
Meysəm Colani tanınmış fəal Abbas Lisaninin dosyesi ilə maraqlananlar və onlara olan təzyiqlərdən yazıb

Gunaz.tv

GünAz TV: Milli-mədəni fəal Meysəm Colani hazırda Ərdəbil zindanında saxlanılan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin dosyesi ilə maraqlanan fəalların təzyiqlə üzləşdiyini bildirib.

 

O bu barədə İnstaqram səhifəsində bir mətn paylaşıb.

 

Ötən günlərdə Abbas Lisaninin ailəsi ilə birlikdə məhkəməyə müraciət etdiklərini xatırladan Meysəm Colani məhkəmə və prokurorluqda qarşılaşdıqları münasibət barədə məlumat verib.

“Mən elə başa düşdüm ki, Abbas bəyin dosyesi ilə maraqlanan hər kəsi bu işdən uzaqlaşdırmağa çalışırlar. Mən və Aydın Zakiri, Abbas bəyin ailəsi ilə birlikdə məhkəməyə müraciət etdiyimiz zaman prokurorun müavini cənab Bazyar heç bir dəlil olmadan məni kabinetinə çağırdı və məhkəməyə müraciət etməyimizin səbəbini soruşdu. Təbii ki, mən Abbas bəyin dosyesi haqda məlumat almaq üçün gəldiyimizi söylədim. O bu cavabdan sonra yaxamdan yapışaraq məni çölə çıxartmaq istədi və bildirdi ki, bu məsələnin sənlə heç bir əlaqəsi yoxdur. Mən ona xəbərdarlıq edərək yaxamı buraxmasını istədim və bildirdim ki, sənin mənə toxunmaq haqqın yoxdur. Bundan sonra mühafizə polisi çağırıldı, onlar məni öz kabinertlərinə apardılar. Bildirdim ki, bu gün iki nəfər gəlmişik, lakin Abbas bəyin dosyesinə bu şəkildə baxılarsa, sabah 2 yüz insan buraya gələcək. Biraz sonra Aydın Zakiri də həmin otağa gətirildi. Biz ordaykən prokurorun müavini məmurlara zəng edərək onlara bəzi tapşırıqlar verdi. Məmurlar olub-bitənləri bir kağıza yazıb, bizdən kağızı imzalamağımızı tələb etdilər. Bildirdilər ki, siz başqa birisinin dosyesinə görə məhkəməyə müraciət etməməlisiniz və bununla bağlı öhdəlik götürməlisiniz. Biz isə bu tələbi qanunsuz hesab etdiyimiz üçün kağıza imza atmaqdan imtina etdik və nəhayət ki, bir neçə dəqiqə sonra sərbəst buraxıldıq.

Məhkəmədə Abbas bəyin ailəsinə “qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik” deyə gözlənilməz cavab verilmişdir. Lakin Lisani ailəsi Abbas bəyin vəziyyətini öyrənməklə bağlı israr etdikdən sonra onlara fevralın 14-də onunla görüşmək icazəsi veriləcəyini bildiriblər”- deyə Meysəm Colaninin yazdığı mətnin bir hissəsində qeyd olunub.

 

Abbas Lisani yanvarın 15-də  Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbilə aparılıb. O hazırda Ərdəbil zindanının karantin bölümündə qeyri-müəyyən vəziyyətdə saxlanılır, fəal saxlandığı gündən aclıq aksiyasına başlayıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar