SON XƏBƏRLƏR

Miyananın millət vəkili: Zəlzələdən zərərçəkənlər son hadisələrlə əlaqədar unuduldu

2021.10.20, 07:36
Miyananın millət vəkili: Zəlzələdən zərərçəkənlər son hadisələrlə əlaqədar unuduldu

Gunaz.tv

Şərqi Azərbaycan Əyalətində baş verən dağıdıcı zəlzələdən təxminən 50 gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlər hələ də ağır şəraitdə yaşayır.

 

Bu barədə Miyana şəhərinin İran parlamentindəki millət vəkili Fərdin Fərmənd dekabrın 23-də parlamentdəki çıxışı zamanı danışıb.

 

“Miyananın zəlzələdən əvvəl də bir çox problemi var idi. Təbii fəlakətin baş verməsi vəziyyəti daha da ağırlaşdırdı. Benzinin bahalaşması ilə əlaqədar baş verən hadisələr isə təbii fəlakətin unudulmasına səbəb oldu.

Hal-hazırda Miyana dağlarının ətəyində qarlı hava şəraiti hökm sürür. Bu məsələ müvəqqəti məkanlarda yerləşdirilən və çadırlarda yaşayan zəlzələdən zərərçəkənlər üçün vəziyyəti ağırlaşdırıb.”- deyə millət vəkili vurğulayıb.

 

Fərdin Fərmənd hökuməti son hadisələrlə əlaqədar unudulan təbii fəlakət bölgəsinə diqqət yetirməyə çağırıb.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlərin əksəriyyəti yetəri qədər qızınmaq vasitələri ilə təmin olunmayıb.

 

Bölgə əhalisinin verdiyi məlumata əsasən zəlzələdən zərərçəkən ailələrin əksəriyyətinə müvəqqəti məskunlaşmaq məqsədi ilə vəd edilən kredik hələ də ödənilməyib. Onların bir çoxu çadırlarını təhvil verdiyi üçün qalmağa yerləri yoxdur. Həmin ailələr qonşu ailələrin çadırlarında gecələməyə məcbur qalır.

 

Bəzi rəsmi mənbələr isə zəlzələ bölgəsində dağıntıların təmizlənməsi əməliyyatının olduqca ləng getdiyini, dağılan evlərin yarıdan çoxunda təmizləmə əməliyyatına başlanılmadığını bildirirlər.

 

Noyabrın 8-də Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Rəsmi mənbələrə görə, təbii fəlakət nəticəsində 5 nəfər həyatını itirib, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Miyana və Sarab məntəqələrində yerləşən kəndlərdə minlərlə evin təxrib olunduğu bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar