İraqın Baş naziri ölkəsinin hələ də Amerika Birləşmiş Ştatlarının kömək və dəstəyinə ehtiyac duyduğunu deyib.
Gunaz.tv
Bu sözləri "Associated Press" agentliyi ilə ekskluziv müsahibədə səsləndirən Kazımi ABŞ-la İran rəsmilərinin İraq vasitəsilə bir-birinə mesaj göndərməsi ilə əlaqəli isə bildirib ki, ölkəsi poçtalyon rolunu oynamaq istəmir.
Onun sözlərinə görə, İraq birbaşa hərbi dəstək formasında olmasa da, amma DAİŞ terror təşkilatı kimi təhdidlərlə mübarizə aparmaq üçün hələ də ABŞ-ın dəstəyinə ehtiyac duyur. Baş nazir qeyd edib ki, iki ölkə arasında əməkdaşlıqlar müxtəlif sahə və səviyyələrdə ola bilər.
Qeyd etmək lazımdır ki, Mustafa Kazımi bir müddət əvvəl İranın "dini lideri" Əli Xamneyi ilə görüşüb. Onun tezliklə Amerikaya səfər edərək, bu ölkə rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Digər tərəfdən, İraq ABŞ-la İranın ziddiyyətlərinin kəsişdiyi əsas nöqtələrdən biridir. Xüsusilə də, cari ilin yanvar ayında Qasım Süleymaninin Amerika tərəfindən Bağdad hava limanında öldürülməsindən sonra İranın İraqda yerləşən ABŞ bazalarından ikisini raket atəşinə tutması tərəflər arasındakı gərginliyi daha da artırıb.
Ə.A