SON XƏBƏRLƏR

Nadir Qazipurdan türklərlə bağlı təhrifə yol verən keçmiş kürd millət vəkilinə sərt cavab

2021.10.20, 07:36
Nadir Qazipurdan türklərlə bağlı təhrifə yol verən keçmiş kürd millət vəkilinə sərt cavab

Gunaz.tv

GünAz TV: Kürd şəhəri olan Sənəndəcin keçmiş millət vəkili, sözdə islahatçı fəal Calal Calalizadə PKK və Pejak terror qruplaşmalarının ideyasına uyğun olaraq azərbaycanlıları türk deyil, azəri adlandıraraq onların Qərbi Azərbaycanda mühacir olduğunu, mühacir kürdlərin isə yerli olduğunu iddia edən məlumat yayıb. O ötən günlərdə Twitter səhifəsində yaydığı mətləbdə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipurun fars dilində ləhcə ilə danışdığını da acizlik əlaməti kimi qiymətləndirib.

 

Keçmiş millət vəkili əslində bununla İran coğrafiyasında yaşayan bütün millətləri təhqir edib, ona görə ki, bu millətlərin hamısı fars dilini ləhcə ilə danışır.

 

N.Qazipurun terror qruplaşmalarının stretagiyasını təbliğ edən sözdə islahatçı fəala cavabı gecikməyib. O mövzu ilə bağlı geniş bir yazı paylaşıb.

 

“Sizin gülünc iddialarınızı şübhə altına almaq üçün tarixi bəhsə ehtiyac görmürəm, qoy bunu əhali özü qiymətləndirsin. Lakin sizin və aid olduğunuz düşərgənin qarşısında səssiz qaldığınız bir neçə sual var. Siz əxlaq və ədəbdən o zaman danışa bilərsiniz ki, özünüz ona əməl edəsiniz. 6-cı parlamenti, Zibakəlamın təhqirləri və s. kimi hadisələri yadınıza salmaq istəyirəm. Ölkədəki qövmləri təhqir etmək kiçik məsələ deyil. Hamınız səssiz qaldınız. Bəlkə də qonaq olduğunuza görə narahatsınız. Hər zaman “Qonaq Allahın dostudur” deyilir, siz narahat olursunuz!

Nəyə görə, dostlarınız əyalətləri qövmlərə bölmək məqsədi ilə Cənubi Kürdistan məsələsini gündəmə gətirən zaman etiraz etmədiniz?! Nə üçün PKK və Pejak vətənin övladlarını şəhid edəndə diliniz çıxmadı. Demək ki, dostlarınızı narahat etmək istəmədiniz!”- deyə o açıqlamasının bir hissəsində qeyd edib.

 

Azərbaycanlı millət vəkili, milli kimliyi və fars dilində ləhcəsi ilə bağlı da öz mövqeyini paylaşıb. “Ləhcəsi olmaq, ləkəsi (korrupsiya nəzərdə tutulur) olmaqdan daha yaxşıdır. Mən türkəm, dilim də türk dilidir. Fars dilini də ləhcə ilə danışıram. Siz bu sözünüzlə ləhcə ilə farsca danışan şəhid Bakiri və Əllamə Məhəmməd Tağı Cəfərini də təhqir edirsiniz. Əhali bu məsələləri yaxşı bilir və vaxtında lazımi cavab veriləcək. Bizim ləhcəmiz korrupsiya yolu ilə əmələ gələn ləkə və yamaqdan daha yaxşıdır. Bu sözlər sizin üçün tanış olmaya da bilər. Ona görə ki, sizin fəaliyyət istiqamtiniz göstərib ki, siz millətin deyil, Müşarikət və s. kimi cərəyanların nümayəndəsisiniz”- deyə N.Qazipur vurğulayıb.

 

Urmiyənin millət vəkili mühacir kürdlərlə bağlı sözlərini belə davam etdirib: “Siz istədiyiniz qədər biçin-kəsin! Qeyrətli Azərbaycanın türk əhalisi qonaqpərvərdir, onlar bunu sübuta yetiriblər. Qonaq Allahın dostu olduğu üçün biz də hər zaman qonaqpərvər olmuşuq,”

 

C.Calalizadə kürd terror qruplaşmalarının mövqeyi ilə çıxış edən tanınmış kürd fəallarından biridir. O millət vəkili olduğu zaman da parlamentdə vaxtaşırı Azərbaycana qarşı radikal fikirlərlə çıxış etmişdir. C.Calizadənin irəli sürdüyü iddialar PKK və Pejak terror qruplaşmalarının iddiaları ilə hər zaman üst-üstə düşüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar