SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi xalqı Parlament seçkilərini boykot etməyə çağırıb

2021.10.20, 07:36
Nərgiz Məhəmmədi xalqı Parlament seçkilərini boykot etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Məhkumluq həyatı yaşayan insan haqları fəalı Nərgiz Məhəmmədi xalqı Parlament və Ekspertlər Məclisinə keçiriləcək aralıq seçkilərini boykot etməyə çağırıb.

 

O, bu formada insanlardan ayağa qalxmaqla, ən sivil formada rejimin zalım və repressiv siyasətlərinə cavab vermək, eləcə də bununla İran hökumətinin muzdurları tərəfindən qətlə yetirilən məzlum insanların ruhlarına hörmət göstərməyi istəyib.

 

Xanım Məhəmmədi qeyd edib ki, daha öncəki seçkilərdə insanlar aktiv iştirak edib, “islahat” və “mötədilliyi” seçki şüarı edən hökumətə səs versələr də, o da köhnə hökumətlər kimi öz xalqına qarşı düşmən mövqeyi sərgilədi. Fəal bununla da seçkilərlə heç nəyin dəyişməyəcəyini, ümumi sistemin xalqa qarşı düşmən mövqeyi sərgilədiyini bildirib.

 

“Hökumət insanların etirazlar, aksiyalar, kiçik mitinqlər və oturaq aksiyalar kimi heç bir formada etiraz səsini ucaltmağa imkan verməməklə yanaşı, onları həbs edir, işgəncələrə məruz qoyur və noyabr etirazlarındakı kimi qətliam edir”, - Nərgiz Məhəmmədi əlavə edib.

 

Xatırladaq ki, 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazlarında rejim qüvvələri 1500 nəfəri qətlə yetirib və 8 mindən çox insanı həbs edib.

 

İranda Milli Məclis və Ekspertlər Məclisinə aralıq seçkiləri fevralın 21-də keçiriləcək. Amma namizədlərin təsdiqlənməsi prosesində kompleks saxtalaşdırmaların olduğu və minlərlə namizədin əsassız iddialarla namizədliyinin qəbul edilmədiyi deyilir.

 

Bir neçə gün əvvəl İslahatçıların Ali Siyasi Şurası öz namizədlərindən 90%-dən çoxunun namizədliyinin təsdiqlənmədiyini və bu proses zamanı kütləvi saxtakarlıqların həyata keçirildiyini bəyan etmişdi. Şura bununla da seçkilər prosesi zamanı da saxtakarlıqların həyata keçirilməsinə zəmin yaradıldığını bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar