SON XƏBƏRLƏR

Netanyahu dolayısıyla İraqda "Sepah" və Həşdəş-Şəbi mövqelərinə zərbəni İsrailin endirdiyini deyib- FOTO

2021.10.20, 07:36
Netanyahu dolayısıyla İraqda "Sepah" və Həşdəş-Şəbi mövqelərinə zərbəni İsrailin endirdiyini deyib- FOTO

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İraqda Sepah və Həşdəş-Şəbi mövqelərinə endirilmiş son zərbəni ölkəsi həyata keçirib.

 

Ukraynada səfərdə olan Netanyahu ötən gün jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İran İsraili xəritədən silməklə təhdid edir, buna görə də, ölkəsi lazım olan hər bir yerdə yaranan təhlükəni aradan qaldırır. O, həmçinin qeyd edib ki, hücumların əhatə dairəsi İraqı da keçə bilər.

 

“İranın heç bir yerdə toxunulmazlığı olmayacağını demişəm və mən bu sözlərimdə ciddiyəm. Bizi məhv etməklə təhdid edən ölkəyə qarşı lazım olan hər yerdə mübarizə aparacağıq. Bizim əllərimiz bundan da çox uzana bilər”- deyə Netanyahu əlavə edib.

 

Xatırladaq ki, ötən ay 10 gün ərzində İsrail “Sepah” terror təşkilatı və ona bağlı Həşdəş-Şəbi yaraqlı qruplaşmasının İraqın Səlahəddin və Diyalə vilayətlərində yerləşən bazalarına raket zərbələri endirmişdi. Nəticədə bir neçə “Sepahçı” və Həşdəş-Şəbi yaraqlısı həlak olmuşdu.

 

Ötən həftə isə Həşdəş-Şəbinin Bağdadın cənubunda yerləşən “Əl-Saqr” hərbi bazasının raket anbarında güclü yanğın baş vermişdi. Yerli mənbələr yanğının səbəbinin şübhəli olduğunu bildirirdilər.

 

 

Bəzi media orqanları ötən həftənin sonlarında Həşdəş-Şəbinin Mosul ətrafında yerləşən bazasına qarşı hücum həyata keçirildiyi barədə məlumat yaymışdılar, lakin bu xəbər hələ də rəsmi olaraq təsdiqlənməyib. Bu xəbərlərdən sonra İsrailin adının açıqlanmasını istəməyən yüksək rütbəli hərbçilərindən biri ölkəsinin media orqanlarına verdiyi müsahibədə ilk iki hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirmişdi.

 

“Əl-Saqr” hərbi bazasının raket anbarında baş verən yanğından sonra Tel-Əvivin Kanal 20 telekanalına müsahibə verən İsrailin təqaüddə olan generalı Yusi Kupervaser yalnız demişdi ki, İraq bu hadisə qarşısında susacaq.

 

“Sepah” terror təşkilatının Bəşər Əsəd rejiminin legitimliyini qorumaq üçün Suriyada yerləşməsi və burada özünə bağlı “Fatimiyyun” və “Zeynəbiyyun” kimi şiə yaraqlı qruplaşmaları formalaşdırmasına qarşılıq olaraq İsrail son illər ərzində “Sepah”ın həmin ölkədə yerləşən hədəflərinə qarşı yüzlərlə hücum təşkil edib. Nəticədə onlarla “Sepahçı” və şiə yaraqlı ölüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar