SON XƏBƏRLƏR

Netanyahu: “İran yalan danışır, peykin buraxılmasında məqsəd, ballistik raketi sınaqdan keçirmək olub”

2021.10.20, 07:36
Netanyahu: “İran yalan danışır, peykin buraxılmasında məqsəd, ballistik raketi sınaqdan keçirmək olub”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 15-də Müdafiə Nazirliyində keçirilən Ordu Qərargahının yeni təyin olunmuş rəisinin təqdimat mərasimində çıxış edərək, İranın orbitə göndərmək istədiyi peykindən, ballistik raketlər proqramından və Suriyadakı hərbi varlığından danışıb.

 

Netanyahunun açıqlaması, İranın peyk daşıyan raketinin uğursuzluğa düçar olması xəbərinin yayılmasından bir neçə saat sonraya təsadüf edib.

 

O bildirib ki, İranın yeni peyk layihələrini həyata keçirməkdə məqsədi, yalnız yeni ballistik raketlərini sınaqdan keçirməkdir: “Hesab edirəm ki, İranın öz peykini orbitə buraxmaqda hədəfi, bütün beynəlxalq razılaşmalara baxmayaraq, qitələrarası ballistik raketini sınaqdan keçirməkdir. Daha doğrusu, peykin orbitə çatdırılması işin zahiri tərəfidir. Əsl hədəf isə, İranın qitələrarası raketinin buraxılması ilə bağlı qabiliyyəti yüksəltməkdir.

 

İran durmadan yalan danışır, İsrail isə onun bu yalanlarını ifşa edir. Bizim İranın gizli nüvə proqramı ilə bağlı sənədlər arxivini ələ keçirib ifşa eləməyimiz də bunun üçündür.

 

İranın Suriyadakı hərbi varlığına gəlincə, hesab edirik ki, İran və onun terrorçu şaxələrinin qarşısını almaq bizim əsas hədəflərimizdən biridir. Mən bir daha tövsiyə edirəm ki, İran öz hərbi qüvvələrini dərhal Suriyadan geri çəksin. Əks təqdirdə, biz bundan əvvəl verdiyimiz sözə sadiq qalaraq hücum siyasətini davam etdirəcəyik”.

 

Xatırladaq ki, İranın peyk daşıyan raketi lazım olan sürətə çata bilmədiyindən, “Pəyam” adlı peyki orbitə çatdıra bilməyib.

 

Məhəmməd Cavad Azəri Cəhromi

 

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi yanvarın 15-də jurnalistlərə açıqlamasında məlumat verib: “Bu gün səhər saatlarında peyk daşıyan raket iki mərhələni müvəffəqiyyətlə qət etsə də, 3-cü mərhələdə zəruri olan sürətə çata bilmədiyindən, “Pəyam” adlanan peyki orbitə çatdıra bilməyib”.

 

Qeyd edək ki, “Pəyam” peyki İran Kosmik Agentliyinin həyata keçirdiyi aerokosmik layihələrdən biridir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar