SON XƏBƏRLƏR

Netanyahu: “İrana qarşı beynəlxalq iqtisadi təzyiqlər öz bəhrəsini verməyə başlayıb”

2021.10.20, 07:36
Netanyahu: “İrana qarşı beynəlxalq iqtisadi təzyiqlər öz bəhrəsini verməyə başlayıb”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu iyunun 28-də qatıldığı hərbi bir mərasimdə çıxış edərək İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların müsbət nəticə verməsindən danışıb.

 

Netanyahu bildirib ki, İranın molla rejimi xalqın yaşam səviyyəsini qaldırmaq əvəzinə, ölkə sərvətlərini bölgədə hərbi ekspansionist hədəfələrini gerçəkləşdirməyə sərf edir: “İrana qarşı tətbiq edilən beynəlxalq iqtisadi təzyiqlər artıq öz bəhrəsini verməyə başlayıb. İran xalqı, radikal rəhbərlərinin kinli rəftarının sonrakı fəsadlarını yaxşı başa düşür, öz ciblərinə baxanda bunu hiss edirlər. Beynəlxalq siyasi təhlilçilərinin dediyinin əksinə olaraq, İrana qarşı beynəlxalq sanksiyaların yenidən bərpa olunması, nəinki iranlıların rejim ətrafında toplaşmasını gətirib çıxarmadı, hətta bunun əksi baş verdi.

 

İranda çoxları başa düşüb ki, hakim molla rejimi ölkə əhalinin ehtiyaclarının təmin olunması üçün sərmayə yatırmaq əvəzinə, çoxlu məbləğdə pulu, ölkə sərhədlərindən kənarda hərbi ekspansionist hədəflərini gerçəkləşdirməyə sərf edir. Bu isə İran vətəndaşları üçün qəbuledilməzdir.  İranda hadisələrin hansı istiqamətdə irəliləyəcəyini indidən demək tezdir. Lakin bir şey aydındır. O da budur ki, İran rejiminin ölkə sərhədlərindən kənar təcavüzkar siyasətini davam etdirməsi üçün pul çap edən çürümüş maşını aşaraq, artıq qırılıb və sıradan çıxıb”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, Amerikanın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Bu isə milli valyutanın məzənnəsinin gündən-günə dəyərdən düşməsinə, dolların dəyərinin qalxmasına və ticarət mərkəzlərində alış-verişin dayandırılmasına səbəb olub.

 

 

İyunun 24-də Tehranda mobil telefonlarının əsas satış mərkəzləri olan “Əlaəddin” və “Çarsu” ticarət mərkəzlərindəki mağaza sahiblərinin dükanları bağlayıb tətil etməsindən başlanan etirazlar, son günlər ölkənin digər şəhərlərinə də yayılıb. İyunun 26-sı və 27-də Tehran, İsfahan, Ərak, Kirmanşah, Məşhəd və bir sıra digər şəhərlərdə on minlərlə aksiyaçı küçələrdə yürüş keçirərək, molla rejiminə və onun rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

 

Bazarda qiymətlərin qeyri-sabitliyinə, rejimin müdaxiləçi xarici siyasətinə və milli valyutanın sürətlə dəyərdən düşməsinə etiraz bildirən etirazçılarla polids qüvvələri arasında baş verən qarşıdurmalarda onlarla aksiyaçı həbs edilib, çoxlu insan əli dəyənəkli hökumət qüvvələrinin zorakılığına məruz qalaraq yaralanıb. Etirazlar pərakəndə şəkildə davam edir.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar