SON XƏBƏRLƏR

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021.12.07, 11:40
Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

Gunaz.tv

 Onlar Güney Azərbaycanda insan haqları pozuntuları barədə məlumat veriblər. 

İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının azlıqlar forumunun illik 14-cü toplantısında çıxış edən güneyli hüquq müdafiəçiləri güneyli siyasi məhbuslar Abbas Lisani, Əlirza Fərşi və yenicə 16 illik həbs cəzasına məhkum olunan Pərviz Siyabi Gürcanın durumu barədə danışıblar. 

Çıxışçılar Birləşmiş Millətlər Təşkilatından İranda ayrı-seçkilik olmadan inklüziv təhsil haqqının hamı üçün tanınmasına, etinklərə qarşı nifrət aşılayan təbliğatın durdurulmasına fəaliyyətlərinə dəstək verməsi, dinc etiraz aksiyalarına qatıldıqları üçün milli-mədəni fəallara qarşı İran məhkəmə sisteminin tətbiq etdiyi şallaq, həbs və cərimə cəzalarına məhkum edilmələr barəsində ədalət tələb etməsini istəyiblər. 

Güneyli insan haqları müdafiəçilərinin çıxışlarının xülasəsi aşaıdakılardan ibarətdir: 

“İranda etnik zəmində baş verən insidentlərin çoxu hökumət tərəfindən tətbiq edilən irqi ayrı-seçkilik, təcrid, milli azlıqların kimliyi və dilinə etinasızlıq siyasətindən irəli gəlir.

İran hökuməti tərəfindən daima təhdid edilən azlıqlar ölkənin ərazi bütövlüyü üçün təhdid kimi qələmə verilir.  

Bu gün bir neçə mədəni fəal, o cümlədən Əlirza Fərşi və Abbas Lisani ana dilində təhsil, milli kimliklərini tanınmasını tələb etdikləri üçün həbsdədirlər.

İllərdir ki, hökumətin nəzarətində olan media və sosial şəbəkələr Azərbaycan türklərinə qarşı nifrət, kin və qəzəb aşılayan vasitələrə çevriliblər. Bu il biz Azərbaycan, Bəluçistan və Xuzistanda əhalinin haqlı istəklərinə qarşı xüsusi təyinatlı polis qüvvələrinin güc tətbiq etdiklərinin şahidi olduq.  

Fars dilinin dövlət məktəblərində məcburi tədrisi, başqa xalqların dillərinə qarşı qoyulan məhdudiyyətlər bir sıra bölgələrdə, o cümlədən Azərbaycanda etnik zəmində insidentlərin baş verməsinə səbəb ola bilər. 

Etnik azlıqların məskunlaşdığı əyalətlər marjinallaşdırılıb və bu bölgələrə heç bir iqtisadi investisiya qoyulmur. Çox vaxt azlıqlara milli təhlükəsizliyə qarşı təhlükə kimi baxılır. 

ƏRK-Azərbaycan İnsan Haqları Cəmiyyəti təklif edir ki, BMT İrandakı etnik azlıqların assimilyasiya siyasətlərinə qarşı tutarlı addımlar atsın, İranda transmilli və multikultural siyasətlərin həyata keçirilməsinə səy göstərsin. 

Azərbaycanlı milli-mədəni fəallar dinc aksiyalara qatıldıqları üçün sistemli şəkildə həbs, şallaq və cərimə cəzalarına məhkum edilirlər. Nümunə olaraq 74 yaşlı vəkil Pərviz Siyabi Gürcanı göstərmək olar. O, İranın cənubunda yaşayanların su qıtlığı ilə bağlı keçirdikləri aksiyaya dəstək verdiyi üçün 16 il həbs cəzasına məhkum olunub. Biz bütün milli-mədəni fəallara ədalət istəyirik".

Qeyd edək ki,dekabrın 2-də işə başlayan və dörd gün davam edəcəyi planlaşdırılan forumda dil, milli və etnik azınlıqlara qarşı zorakılıq müzakirə olunub.

Təşkilatdan verilən məlumata görə, forumda 650 nəfər iştirak edib və koronovirus məhdudiyyətləri səbəbindən yalnız 100 nəfər foruma qatılıb.

Qalan iştirakçılar isə onlayn şəkildə müzakirələrdə iştirak edirlər.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin üç nəfərlik nümayəndə heyəti Cenevrədə keçirilən foruma gediblər və onlar öz çıxışlarında azərbaycanlıların milli hüquqlarından müdafiə edəcəklər”-deyə, təşkilatın başçısı Jalə Təbrizi bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar