SON XƏBƏRLƏR

Güney Azərbaycanın tanınmış şairi Həbib Sahirin anım günüdür

2021.12.15, 12:07
Güney Azərbaycanın tanınmış şairi Həbib Sahirin anım günüdür

Gunaz.tv

Güney Azərbaycanda mərkəzi hökumətin yeritdiyi ədalətsiz siyasətə qarşı çıxan Həbib Sahir hakim duruma baş əyməyən, el-obasına, milli kimliyinə biganə yanaşan “ziyalı”larla ömrünün sonunadək barışmayan az sayda şəxsiyyətlərdən biri olub. 

O, ədalətli mövqeyinə görə daim basqılara məruz qalıb. Küskün şair təcrid olunmuş həyat tərzi yaşamasına baxmayaraq, Güney Azərbaycanın ədəbi-mədəni həyatında önəmli rol oynayıb, yeni ədəbi nəsilin yetişdirilməsində böyük əməyi olub. 

Həbib Sahir 1903-cü ildə Təbriz şəhərində anadan olub.

Atasını erkən yaşda itirən Həbib Sahir ilk təhsilini mollaxanada alıb. Daha sonra orta təhsilini Təbrizdə Məhəmmədiyyə mədrəsəsində başa vurub.

O, mədrəsədə təhsil aldığı illərdə Türkiyədə təhsil alıb. Fransız dili və ədəbiyyatı müəllimi olan Tağı Rüfət onun müəllimi olub.

Tağı Rüfət şairdə Qərb ədəbiyyatına maraq oyadıb.

Həbib Sahir 1927-ci ildə Türkiyəyə gedib. O, Türkiyədə yaşayan iranlılar üçün açılmış "Dəbistane-İraniyan" məktəbində iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyib.

1929-cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunur. Burada çağdaş türk və fransız poeziyası ilə yaxından tanış olur. Təhsil aldığı müddətdə fransız dilini öyrənir, bu dildə əsərləri mütaliə edir.

Həbib Sahir müəllimi Sədi bəyin tövsiyyəsi ilə "İran Azərbaycanının təbii coğrafiyası" adlı buraxılış işinin xülasəsini 1934-cü ildə "Azərbaycan yurd bilgisi" jurnalında silsilə şəklində nəşr etdirir.

Türk və fransız şerinə yaxından bələd olan Sahir Lamartinin məşhur "Göl" poemasını Azərbaycan türkcəsinə tərcümə edir.

Sahir Təbrizdə yaşadığı illərdə bir-birinin ardınca farsca yazdığı "Şəqaiq" ("Kölgələr"), "Gecə əfsanəsi", "Seçilmiş şeirlər" adlı kitabları çap olunur.

Fransız, ərəb və rus dillərini yaxşı bilən şair Bodlerdən, Lamartindən, Qorkidən, Lermontov, Sədi, Hafiz, Xəyyamdan dilimizə bir sıra əsərləri tərcümə edib. Eyni zamanda onun fransızca şeirlə və ərəbcə kiçik hekayələr yazdığı məlumdur.

Güney Azərbaycanın tanınmış ziyalıları Tağı Rüfətdən sonra Azərbaycan dilində sərbəst şeir nümunələrinin yaradılmasını Həbib Sahirin adı ilə bağlayırlar. Şair şeir yazmağa əruz vəzni ilə başlasa da, sonralar heca vəzninə üstünlük verib.

 Tanınmış şairin ölümü də faicəli olub. Beləki o, 85 yaşında intihar edib. 

Tehran yaxınlığındankı Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asıb.

Tehranın “Beheşt-e Zəhra” qəbiristanlığında dəfn olunub.

Güney Azərbaycanın sevimli şairi olan Həbib Sahirin "Qorxma" şeirini təqdim edirik:

Qorxma, bu mavi göy altında yanan al günəşin, 
Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək. 
İlk baharda açacaq gül, ötəcək bülbüllər, 
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək. 
 
Dünya durduqca Səhəndin uca bürcündə yanan 
O gümüş rəngli ayın yolları aydınladacaq. 
Axacaq nəhrlərin, həm açacaq lalələrin, 
Birdə evlərdə inan sönməyəcək od və ocaq. 
 
Ey mənim şanlı elim, həmvətənim, al günəşim, 
Ayna tək parlaq üfüq, dərya təkin çərx əsir. 
Ey qadınlar, analar, bircə açın pəncərəni, 
Sübh açılmaqdadı, sübhün yeli dağlardan əsir...

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar