SON XƏBƏRLƏR

Beynəlxaql festivalda mükafat almış güneyli rejissor Urmu gölünün qurumasından danışıb

2021.11.17, 10:37
Beynəlxaql festivalda mükafat almış güneyli rejissor Urmu gölünün qurumasından danışıb

Gunaz.tv

“Anadolu” Xəbər Agentliyinin fars bölümünə müsahibəsində o, göldə quruma prosesinin böhran səviyyəsinə çatdığını deyib.

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan və jurnalistika üzrə bakalavr dərəcəsi alan Məhəmməd Əlimuradi bildirib ki, onun yaradıcılığında əsas diqqət yetirdiyi sahələr sosial-mədəni və ekoloji problemlərdir.

“Mən əslən jurnalist idim və sosial medianın çoxalması mənə daha çox konkret, təkrar olunmayan və ya tənqidi mövzulu sənədli filmlərə diqqət yetirmək imkanı verdi”-deyə, rejissor bildirib.

Hazırda Təbrizdə İran Gənc Kino Dərnəyinin və Təbriz Sənədli Film Evinin üzvü olan Əlimuradi daha çox müstəqil çalışmağa üstünlük verdiyini söyləyib.

Beynəlxalq mükafata layiq görülən “Əkizlər” filmi barəsində danışan rejissor, Urmu gölünün durumu və ekoloj problemlər haqqında 2009-cu ildən fəaliyyətə başladığını və bu işdə dəstək ala bilmədiyini qeyd edib.

“Urmu gölünün çox hissəsi quruyub və bunun yeganə səbəbi bəndlərin tikintisi deyil. Uzun illər boyu əyalət əhalisi yüksək su istehlakına səbəb olan kənd təsərrüfatı işlərinə sövq edilib.

Ancaq əyalətin başqa sahələrdə də yüksək potensialına malik olduğunu nəzərə alsaq, insanları yalnız kənd təsərrüfatına yönəltməyin yanlış olduğunu görərik.

Bununla yanaşı dövlətin Urmu gölünün qurumasının qarşısını almaq tədbirlərinə yetərli dəstək verməməsi ekoloji problemin baş verməsində əsas amillərdən biridir” -deyə, Məhəmməd Əlimuadi qeyd edib.

Rejissor deyib ki, bir sənətçi və vətəndaş kimi problemin həll olunmasına çalışır.

"Problemin işqılandırılması, ictimailəşdirilməsi bizim borcumuzdur. 

Bir sıra səbəblərə görə, yerli və regional mövzulara həsr olunan əsərlərə dəstək verilmir. Bunu həyata keçirmək üçün lazim olan maddi qaynaqlar yoxdur.

Mən bu günə kimi qeyd etdiyim yerli və regional məsələləri işıqlandırmaq üçün dövlət və qeyri-dövlət qurumlarından heç bir yardım ala bilməmişəm”-deyə, o, dövlətin bölgə problemlərinə həsr olan əsərlərə laqeyd yanaşdığını deyib.

Qeyd edək ki, Məhəmməd Əlimuradinin çəkdiyi “Əkizlər” qısametrajlı sənədli filmi “Qorqud Ata” festivalının ən yaxşı sənədli film mükafatına layiq görülüb.

Filmdə Urmu gölü və Özbəkistan-Qazaxıstan sərhədində yerləşən Aral gölünün vəziyyətindən bəhs edir. 

“Qurqud Ata” festivalının məqsədi kino sənəti vasitəsilə türkdilli ölkələrdə çəkilən filmlərin tamaşaçılara nümayiş olunması, mədəni-bədii əməkdaşlıq imkanlarının artırılması, ortaq tarixi, mədəni və ictimai dəyərlərin möhkəmlənməsinə və zənginləşməsinə töhfə verməkdir. 

C.E

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar