SON XƏBƏRLƏR

Süngün mis mədənində fövqəladə vəziyyət: İşçilərə təzyiqlər gücləndirilib-VİDEO

2021.12.05, 14:15
Süngün mis mədənində fövqəladə vəziyyət: İşçilərə təzyiqlər gücləndirilib-VİDEO

Gunaz.tv

Polis, xüsusi qüvvələr mədən ərazisinin giriş-çıxış yollarını nəzarətə götürüb.

Günlərdir davam edən etiraz və tətil aksiyası genişlənib.

Yerli işçilər tələblərindən geri çəkilmədiyi üçün başqa əyalətlərin, fars bölgələrinin podratçı şirkətlərinin istəyi ilə hökumət qüvvələrinin mədənçilərə qarşı təzyiqləri güclənib. 

Oktyabrın 5-də mədən ərazisinə yeni daşqıran və başqa ağır texnikaların gətirilməsinin qarşısını almaq üçün saylarının 2 min olduğu deyilən işçilər 10 kilometrə yol qət edərək texnikanın əraziyə girməsinə mane olmağa çalışıblar. 

Bununla yanaşı İran İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus ağır daş qıran maşınlardan birinin SEPAH-çı sürücüsü "Karigərik işlərik, zillətə baş əymərik" şüarı səsləndirən işçilərin aksiyasını dağıtmaq üçün idarə etdiyi ağır tonnajlı texnikanı onların üzərinə sürüb. 

Qeyd edək ki, mədən işçiləri noyabrın 30-dan etibarən aksiyaya əl atıb və bundan öncə pozuntulara yol verən şirkətlərin rəhbərliyində təmsil olunan dörd nəfərin yenidən işə qaytarılmalarına etiraz ediblər.

Əlipur, Nemətpur, Salehi və Rəhmanpur soyadlı şəxslər bir ay öncə mədən işçilərinin hüquqlarını pozduğu və onlara qarşı təhqiramiz davrandıqları üçün mədənçilər tərəfindən qovulub və onların mədən sahəsinə girişlərinin qarşısı alınıb.

Süngün mis mədəni kompleksinin müdiri Cahangir Rəzəvi “İsna” Xəbər Agentliyinə verdiyi açıqlamada aksiya keçirən işçilərin istəklərinin yersiz olduğunu deyib.

O, hal-hazırda işçilərlə danışıqlar aparıldığını və ortaq çıxış yolu tapmağa çalışdıqlarını qeyd etsə də, işçiləri özbaşına hərəkət etməkdə və şəxsi zövqlərinə uyğun istəklər irəli sürməkdə ittiham edib.

Hal-hazırda mədən ərazisinə polis və silahlı qüvvələr nəzarət edir. İnternetə çıxış, qida, su və başqa xidmətlər məhdudlaşdırılıb.
Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur.

Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar