SON XƏBƏRLƏR

BMT-nin Baş katibi dünya ölkələrinə çağırış edib

2021.10.29, 10:54
BMT-nin Baş katibi dünya ölkələrinə çağırış edib

Gunaz.tv

Çağırışda deyilir:

"İqlim böhranı bəşəriyyət üçün həyəcan siqnalıdır.

Dünya liderləri tezliklə Qlazqo şəhərində COP26 kimi tanınan BMT-nin İqlim Konfransında böyük sınaqdan keçəcəklər.

Onların hərəkəti - və ya hərəkətsizliyi - planetimizdəki fövqəladə vəziyyətin həlli ilə bağlı nə qədər ciddi olduqlarını göstərəcək.

Təhlükə əlamətlərini gözdən qaçırmaq mümkünsüzdür: hər yerdə temperatur daha yüksək həddə çatır; biomüxtəliflik azalır; okeanlar istiləşir, turşlaşır və plastik tullantılarla boğulur. Temperaturun bu həddə çatmasına görə planetimizin böyük əraziləri əsrin sonuna kimi bəşəriyyət üçün ölü zonalara çevriləcək.

Mötəbər tibb jurnalı “The Lancet” iqlim dəyişikliyini gələcək illərdə "insan sağlamlığını təyin edən faktor" kimi təsvir edib. Jurnalın qənaətinə görə, iqlim dəyişikliyi aclıq, tənəffüs xəstəlikləri, ölümcül fəlakətlərin geniş yayılmasına, eləcə də COVID-dən daha pis ola biləcək yoluxucu xəstəliklərin yaranmasına səbəb olacaq.

Həyəcan təbilinin çalınmasına baxmayaraq, BMT-nin son hesabatlarında hökumətlərin indiyə kimi atdığı addımların ehtiyaclara uyğun olmadığına dair yeni sübutlar görürük.

İqlim uğrunda mübarizə ilə bağlı yeni fəaliyyətlər mühüm əhəmiyyət daşıyır və bizi sevindirir. Lakin buna baxmayaraq, dünyamız qlobal temperaturun fəlakət vəd edən 2 dərəcə selsidən çox yüksəlməsinə doğru gedir.

Bu, dünyanın Paris Sazişinə əsasən razılaşdığı 1,5 dərəcə hədəfindən çox uzaqdır. Alimlər bu hədəfin dünyamızın dayanıqlı gələcəyi üçün yeganə yol olduğunu deyirlər.

Bu hədəfə nail olmaq mümkündür.

Əgər cari onillikdə qlobal emissiyaları 2010-cu il səviyyəsi ilə müqayisədə 45 faiz azalda bilsək.

2050-ci ilə qədər qlobal emissiya balansını sıfıra endirə bilsək.

Əgər dünya liderləri Qlazqoya cəsarətli, iddialı və həyata keçirilməsi mümkün olan 2030-cu il hədəfləri, habelə bu fəlakəti aradan qaldırmaq üçün yeni, konkret siyasətlərlə gəlsələr.

Xüsusilə də 20-lik qrupunun (G20) liderləri bu istiqamətdə nəticələr əldə etməlidir..

Diplomatik nəzakət zamanı deyil.

Hökumətlər, xüsusən də G20 hökumətləri bu səylərə rəhbərlik etməsələr, bəşəriyyət iztirablı günlərə doğru gedəcək.

Bütün ölkələr dərk etməlidir ki, köhnə, karbon yandıran inkişaf modeli onların iqtisadiyyatları və planetimiz üçün ölüm hökmüdür.

Bizim indi hər bir ölkədə, hər sahədə karbonsuzlaşdırmaya ehtiyacımız var. Qalıq yanacaq istehsalına ayrılan subsidiyaları bərpa olunan enerjiyə yönəltməli, vergilərin hədəfi isə insanlar deyil, ətraf mühitin çirklənməsi olmalıdır. Karbon qazının emissiyasına qiymət qoymalı və onu dayanıqlı infrastrukturların inşası və iş yerlərinin açılmasına yönəltməliyik.

Və biz 2030-cu ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində, 2040-cı ilə kimi isə bütün digər ölkələrdə kömürdən imtina etməliyik. Kömür istehsalının maliyyələşdirilməsini dayandırmaq öhdəliyini götürən ölkələrin sayı artmaqdadır. Özəl sektorlar da təcili olaraq eyni addımı atmalıdır.

İnsanlar haqlı olaraq hökumətlərindən bu işdə qəti addımlar gözləyirlər. Amma hər birimizin ortaq gələcəyimizi qorumaq məsuliyyətimiz var.

Bizneslər iqlimə təsirlərini azaltmalı, fəaliyyətləri və maliyyə axınlarını tam və etibarlı şəkildə sıfır emissiya balanslı gələcəyə uyğunlaşdırmalıdırlar. Artıq bəhanələrə və ətraf mühitlə bağlı saxta hekayələrə yer yoxdur.

Həm dövlət, həm də özəl sərmayəçilər eyni addımı atmalıdır. Onlar bu sahədə qabaqcıl olan sıfır emissiya hədəfli aktivlərin sahibləri Alyansına, habelə karbon emissiyasını 32 faiz azaltmaqla 2021-ci investisiya hədəfinə vaxtından əvvəl çatmış və artıqlaması ilə icra etmiş BMT-nin pensiya fonduna qoşulmalıdır.

Hər bir cəmiyyətdə fərdlər qidalanma, səyahət və aldıqları əşyalarla bağlı daha yaxşı və məsuliyyətli seçimlər etməlidir.

Gənclər və iqlim fəalları göstərdikləri işləri davam etməlidir: liderlərdən əməli iş tələb etməli və onları sorğulamalıdır.

Bütün ölkələrə bu dəyişikliyə nail olmaq üçün qlobal həmrəyliyə ehtiyacımız var. İnkişaf etməkdə olan ölkələr borc və likvidlik böhranı ilə üz-üzə qalıb. Onların dəstəyə ehtiyacı var.

Dövlət və beynəlxalq inkişaf bankları iqlim sahəsindəki fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırmalı və ölkələrin sıfır emissiya balansına və dayanıqlı iqtisadiyyata keçidinə kömək etmək üçün səylərini gücləndirməlidirlər. İnkişaf etmiş dünya təcili olaraq inkişaf etməkdə olan ölkələr üçün illik ən azı 100 milyard dollar iqlim maliyyəsinin ayrılmasına dair öhdəliyini yerinə yetirməlidir.

Donorlar və beynəlxalq inkişaf bankları iqlim maliyyəsinin ən azı yarısını uyğunlaşma və davamlılıq üçün ayırmalıdırlar.

Birləşmiş Millətlər Təşkilatı 76 il əvvəl bəşəriyyətin üzləşdiyi ən böyük təhdidlərə qarşı mübarizədə konsensusa nail olmaq məqsədilə yaradılıb. Ancaq belə böhranla – mövcudluğumuzu təhlükə altına qoyan bir böhranla nadir hallarda üzləşmişik. Lazımi addımlar atılmasa, bu böhran təkcə bizə deyil, gələcək nəsillərə də təhlükə törədəcək.

Gələcək üçün bir yol var. Qlobal istiləşmənin 1.5 dərəcədən çox artmaması - bəşəriyyətin gələcəyi üçün yeganə yoldur.

Nə qədər ki gec deyil, dünya liderləri Qlazqoda bununla ciddi məşğul olmalıdır. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar