SON XƏBƏRLƏR

"İnsan üçün laləzar vətən yaxşıdır"-Şəhid Xudayarın anım günüdür

2021.10.22, 08:11
"İnsan üçün laləzar vətən yaxşıdır"-Şəhid Xudayarın anım günüdür

Gunaz.tv

Xudayar Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub

2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. 

Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb. 

Prezidentin 25 dekabr sərəncamı ilə Xudayara həmçinin ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı da verilib.

Qeyd edək ki, Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" mahnısını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar