SON XƏBƏRLƏR

“Perspolis”in irqçi tərəfdarları “Traxtur”la görüşdə təhqiramiz şüarlar səsləndirib / “Traxtur” klubu: Bütün bunlar əvvəldən planlaşdırılıb - VİDEO

2021.10.20, 07:36
“Perspolis”in irqçi tərəfdarları “Traxtur”la görüşdə təhqiramiz şüarlar səsləndirib / “Traxtur” klubu: Bütün bunlar əvvəldən planlaşdırılıb - VİDEO

Gunaz.tv

GünAz TV: Dekabrın 29-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib.

 

Super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüş 2:0 hesabı ilə meydan sahibinin xeyirinə yekunlaşıb.

 

Görüş zamanı “Perspolis”in irqçi tərəfdarlarının Azərbaycana qarşı düşmənçiliyi bir daha sübut olub. Onlar “Traxtur” və Azərbaycanın ünvanına təhqiramiz şüarlar səsləndirərək türk millətinə öz nifrətlərini nümayiş etdiriblər.

 

“Traxtur” tərəfdarları isə irqçilərin bu hərəkətinə milli şüarlar səsləndirməklə cavab veriblər.

 

Oyun bitdikdən sonra tərəflər arasında qarşıdurma yaşanıb, “Traxtur” tərəfdarlarından bir neçəsi rəqib komanda tərəfdarlarının hücumuna məruz qalaraq döyülüb.


Məlumata görə, futbol tamaşaçıları arasında “lider” adlanan “Perspolis” və “Traxtur” tərəfdarlarından bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Stadiondakı səhnəni görən hər kəs “Traxtur” tərəfdarlarının saxlanılmasından təəccüblənib.

 

Stadionda tamaşaçı qismində iştirak edən soydaşlarımızdan biri isə Azərbaycan bayrağındakı rəngləri, istifadə etdiyi şeypurun üstündə əks etdirib. Bu görüntü çoxlarının diqqətini çəkib.

 

 

İrqçilərin Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz şüarlar “Traxtur” klubunun rəis müavini Kazim Şəhriyarinin etirazına səbəb olub.

 

“Ümid edirəm ki, stadionlarda bütün qövmlərə hörmət edildiyi günü görək və bir görüş bəhanəsi ilə əhali arasında dərin ixtilaflar yaratmayaq. Lakin yenə də Azadi stadionunda pis səhnəyə şahid olduq. Şübhsiz ki, oyun zamanı Azərbaycanın şərif əhalisinin ünvanına səsləndirilən şüar və söyüşlər məqsədyönlü şəkildə əvvəldən planlaşdırılıb. Hər bir klub qonağını hörmətlə qarşılamalıdır. Lakin rəqib klubumuz qonağa hörmət əvəzinə belə bir pis səhnəni planlaşdırıb. Bu çox utancvericidir! Biz gözləyirdik ki, “Perspolis” komandasının liderləri bu hərəkətlərin qarşısını alsın, lakin bunun əksini gördük. Məlum oldu ki, onlar məqsədyönlü şəkildə bu işi planlaşdırıb. Biz bunu bildiyimiz halda, öz tərəfdarlarımızı belə oyunlara gəlməməyə çağırırıq”- deyə o bildirib.

 

K.Şəhriyari sözlərinin sonunda Futbol Federasiyası və İnzibati Komitədən belə davranışlara qarşı ciddi tədbir almalarını tələb edib.

 

“Traxtur” klubunun icraçı direktoru Kazim Mahmudi də irqçilərin bu hərəkətini kəskin etirazla qarşılayıb.

 

“Biz oyundan əvvəl görüşə ev sahibliyi edən klubdan xahiş etmişdik ki, qövmlərin təhqir olunması və qarşıdurmaya şərait yaradılmasın. Lakin bunun əksinə şahid olduq. Məlum oldu ki, oyundan əvvəl 60 min nəfərin 90 dəqiqə ərzində söyüş söyməsi planlaşdırılıb. Hətta bəziləri tərəflər arasında qarşıdurma yaratmağı da planlaşdırıb. Bütün bunlar “Perspolis”in “liderləri” tərəfindən oyundan əvvəl düşünülüb”- deyə o qeyd edib.

 

K.Mahmudi sözlərinin davamında vurğulayıb ki, “oyun boyu komandamıza qarşı ən təhqiramiz söyüşlər dilə gətirildi. Nə üçün bunlara qarşı tədbir görülmür?! Bir çox problemə baxmayaraq insanlar stadiona gəlib ki, öz komandasını təşviq etsin. Lakin onlar şərif Azərbaycan əhalisinə qarşı təhqir və hörmətsizliyə şahid oldular. Onların buna reaksiya verməsi də çox təbii haldır.

 

“Perspolis”in irqçi tərəfdarlarının Azərbaycana qarşı təhqirləri:

https://www.youtube.com/watch?time_continue=1&v=YjRicOGvQy4

 

 

“Traxtur” tərəfdarları irqçilərə milli şüarlarla cavab verir:

https://www.youtube.com/watch?v=3ZiD-VbBb88

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar