SON XƏBƏRLƏR

Polşanın Tehrandakı səfirliyinin məsul şəxsi İran Xarici İşlər Nazirliyinə çağırılıb

2021.10.20, 07:36
Polşanın Tehrandakı səfirliyinin məsul şəxsi İran Xarici İşlər Nazirliyinə çağırılıb

Gunaz.tv

GünAzTV: Polşanın Tehrandakı səfirliyinin məsul şəxsi, Amerikanın başçılığı ilə Varşavada İranla bağlı beynəlxalq konfransın keçirilməsinə etiraz olaraq, İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İran Xarici İşlər Nazirliyi yanvarın 13-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, İran Xarici İşlər Nazirliyinə çağırılan polşalı diplomata etiraz notası verilib. Bildirilib ki, Amerikanın “İran və Orta Şərqdə sülh və təhlükəsizlik” mövzusu ilə bağlı Varşavada keçirmək istədiyi beynəlxalq konfrans və Polşanın həmin toplantıya ev sahibliyi etməsi İran İslam Respublikasına qarşı zidd addımdır. Qeyd olunub ki, rəsmi Varşava bu konfransın keçirilməsinə ev sahibliyi etməkdən imtina etməlidir, əks təqdirdə İran tərəfi Polşa ilə münasibətlərinə yenidən baxaraq, bir sıra əks addımlar atmaq məcburiyyətində qalacaq.

 

Yayılan məlumata əsasən, İran Xarici İşlər Nazirliyinin rəsmiləri ilə keçirilən görüşdə, polşalı diplomat, fevral ayında Varşavada keçiriləcək konfransın İrana qarşı olmadığını, Polşa hökumətinin İranla bağlı mövqeyinin amerikalı rəsmilərinin mövqeyindən fərqləndiyini bildirsə də, onun bu sözləri İran tərəfini qane etməyib.

 

Həmin gün, İran Kinematoqrafiya Təşkilatının rəhbəri Hüseyn İntizami “Twitter” səhifəsində paylaşdığı bir yazıda , fevralın ortalarında Tehranda keçirilməsi nəzərdə tutulan “Polşa film həftəsi”nin ləğv olunduğunu bildirib. O həmçinin bildirib ki, rəsmi Varşavanın İranla bağlı mövqeyi dəyişməyənə qədər, belə bir həftənin keçirilməsi mümkün deyil.

 

Xatırladaq ki, Orta Şərqdə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 11-də “Fox News” agentliyinə açıqlamasında Tramp hökumətinin İran mövzusu ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşmasından danışıb.

 

 

O bildirib ki, Amerikanın başçılığı ilə keçiriləcək konfransda əsasən İranın regionda yürütdüyü dağıdıcı siyasətinə və Orta Şərq məsələlərinə baxılacaq: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada beynəlxalq konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər. Biz, əmin olmaq istəyirik ki, İran bir daha bölgənin sabitliyini pozan qüvvə olmayacaq. Beynəlxalq konfrans, 13-14 fevralda (24-25 bəhmən) Polşada keçiriləcək və ona Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkə başçıları qatılacaq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar