SON XƏBƏRLƏR

Pompeo: "Amerika İrana qarşı silah embarqosunun uzadılması üçün TŞ-dakı haqqından istifadə edəcək"

2021.10.20, 07:36
Pompeo: "Amerika İrana qarşı silah embarqosunun uzadılması üçün TŞ-dakı haqqından istifadə edəcək"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, ölkəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sahib olduğu haqlardan istifadə edərək, İrana qarşı qəbul edilmiş silah embarqosunun sona çatmasına maneə olacaq.

 

O, yerli media orqanlarından birinə verdiyi müsahibədə 2015-ci ildə imzalanmış nüvə razılaşmasını bir daha faciə adlandırmaqla, anlaşmada olan naqis nöqtələri bir daha sadalayıb.

 

Pompeonun sözlərinə görə, naqis cəhətlərdən biri razılaşmada nəzərdə tutulmuş məhdudiyyətlərin əksəriyyətinin daimi olmamasıdır. Onlardan bir qrupu artıq sona çatmaq üzrədir. İlkin olaraq isə cari ilin oktyabr ayında silah sanksiyasının müddəti bitəcək.

 

"Amerika Birləşmiş Ştatları oktyabr ayından sonra Çinin tanklarını, Rusiyanın isə silah-sursatını İrana sata bilməyəcəyinə dair əminlik formalaşması üçün mümkün bütün diplomatik vasitələrdən istifadə edəcək. Qeyd edilən dövrdə İrana qarşı hazırda mövcud olan bütün silahların alışı və satışı istiqamətində tətbiq edilmiş qadağalar aradan qalxacaq. Bu isə o deməkdir ki, dünyada dövlət səviyyəsində ən böyük terror himayəçisi olan İran rejimi bütün növ silah- sursat sistemləri əldə edə biləcək", - deyə Pompeo fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əlavə olaraq qəbul etdiyi 2231 saylı qətnamə 5 il müddətində dünya ölkələrinə İranla silah ticarətini qadağan edir. Bu sanksiya İranın nüvə proqramının dinc olduğu sübuta yetirildiyi təqdirdə, cari ilin oktyabr ayının 18-də sona çatacaq.

 

Son günlər ərzində ABŞ bu qadağanın müddətinin uzadılmasına çalışır. Bir neçə gün əvvəl bu istiqamətdə rəsmi Vaşinqtonun BMT-nin Təhlükəsizlik Şurasının bəzi üzvlərinə qətnamə layihəsi təqdim etdiyinə dair məlumatlar yayılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar