SON XƏBƏRLƏR

Pompeo: “Biz İranla müharibə etmək niyyətində deyilik. Lakin İranın hər hansı bir hücumuna kəskin cavab verəcəyik”

2021.10.20, 07:36
Pompeo: “Biz İranla müharibə etmək niyyətində deyilik. Lakin İranın hər hansı bir hücumuna kəskin cavab verəcəyik”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 9-da bəyanat yayaraq, Vaşinqtonun İranla savaşmaq niyyətində olmadığını elan edib.

 

Pompeonun bəyanatı, prezident Trampın jurnalistlərə açıqlamasında İran rəhbərlərini danışıqlar aparmaq üçün onunla əlaqə saxlamağa çağırmasından bir neçə saat sonraya təsadüf edib.

 

Pompeo bildirib ki, Amerika Birləşmiş Ştatları İranla müharibə aparmağın tərəfdarı deyil: “Lakin buna baxmayaraq, biz İranın və ona bağlı olan qüvvələrin hər hansı bir hücumuna ildırımsayağı kəskin cavab verməyə hazırıq. Son həftələr, İran İslam Respublikası və onun vəzifəli şəxsləri bizə qarşı təhdid dolu bir sıra bəyanatlar səsləndirib, təhdidamiz addımlar atıblar. Bizim və müttəfiqlərimizin isə buna cavabı aydındır.  Biz, savaşmaq niyyətində deyilik. Lakin İran İslam Respublikasının son 40 ildə amerikalıları qətlə yetirməsini, bizim təsisatlarımıza hücumunu və amerikalıları girov götürməsini və bu kimi əməllərini nəzərə alanda hesab edirik ki,  özümüzü müdafiə etməliyik.

 

Bizim bu günə qədər dözümümüz, İranı səhvə salmamalı, onlarda belə bir təsəvvür yaratmamalıdır ki, bizim ona qəti cavab verməyə iradəmiz yoxdur. Biz, Tehranda oturan və ölkənin xoşbəxt gələcək istiqamətini mövcud çaxnaşmaların aradan qaldırılmasında görən cənablardan istəyirik ki, İran hökumətinin indiki rəftarını dəyişsinlər” –deyə Pompeo vurğulayıb.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 9-da jurnalistlərə açıqlamasında İran rəhbərləri ilə üz-üzə oturub danışıqlar aparmağa hazır olmasından danışıb: “Mən nüvə sazişindən çıxandan sonra iranlıların iqtisadiyyatı bərbad günə düşüb. Eşitdiyimə görə, İranda inflyasiya səviyyəsi çox yüksəkdir. Ölkənin müxtəlif bölgələrində hər həftənin sonu etirazlar və üsyanlar baş verir. Bəzən həftənin bütün günlərində də bu etirazlar baş verir. İran rəhbərlərinin  görməli olduğu yeganə iş odur ki, mənimlə əlaqə saxlasınlar, bir-birimizlə oturub danışıqlar aparaq. Biz ədalətli bir sazişə nail ola bilərik.

 

 

Bizim istədiyimiz yalnız odur ki, onların nüvə silahı olmasın. Bu isə böyük bir tələb deyil. Biz İrana xəsarət yetirmək istəmirik. Biz onlara (İrana) yardım etmək istəyirik ki, normal duruma qayıda bilsinlər. Mənim istəyim odur ki, iranlılar güclü və əzəmətli olsunlar və onların güclü iqtisadiyyatı olsun. Hesab edirəm ki, onlar mənimlə əlaqə saxlamalıdırlar. Onlar bunu etsələr, biz onlarla danışıqlar aparmağa hazırıq”- deyə Tramp əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar