SON XƏBƏRLƏR

Pompeo: "İran diplomatları rejimin terror törədən agentləridir"

2021.10.20, 07:36
Pompeo: "İran diplomatları rejimin terror törədən agentləridir"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarını rejimin müxaliflərini öldürən terror agentləri adlandırıb.

 

O, bu sözləri "Reuters" agentliyinin Türkiyədə qətlə yetirilmiş rejim müxalifi Məsud Mövləvi ilə bağlı yaydığı xəbərə "Twitter"də bildirdiyi münasibətdə yazıb.

 

"İranlı diplomatların Türkiyədə yaşayan rejim müxaliflərindən birinə qarşı həyata keçirilmiş terror aktında əllərinin olması ilə bağlı məlumatlar narahat edicidir. Lakin bu, onlara ölkələri tərəfindən tapşırılmış missiyaların tərkib hissəsidir. İranın diplomatları terror icra edən məmurlardır və ötən 10 il ərzində Avropada bir neçə bomba qoyaraq partlatma və terror aktı həyata keçiriblər", - deyə Pompeo qeyd edib.

 

Qeyd etmək lazımdır ki, martın 27-də "Reuters" xəbər agentliyi İran vətəndaşı olan Məsud Mövləvinin bir neçə ay öncə Türkiyədə qətlə yetirilməsinin detalları ilə bağlı adlarını açıqlamadığı iki türkiyəli yüksək vəzifəli rəsmiyə istinadən xəbər yaymışdı. Agentlik bildirirdi ki, Mövləvinin terroru diplomat kimi fəaliyyət göstərən İran xüsusi xidmət orqanlarının iki əməkdaşının sifarişi və iştirakı ilə tərəfindən həyata keçirilib.

 

32 yaşlı Məsud Mövləvi 2019-cu ilin noyabr ayının 14-də İstanbulun Şişli bölgəsində ayağından və ürəyindən güllə ilə vurularaq öldürülmüşdü. Həmin vaxtlar Türkiyə mediası onu İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxs kimi qələmə vermişdi.

 

"Reuters" öz məlumatında Mövləvinin əlaqəli olduğu adını çəkmədiyi həmin xüsusi xidmət orqanı tərəfindən terrora məruz qaldığını qeyd etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar