SON XƏBƏRLƏR

Pompeo koronavirus səbəbindən İran sanksiyalarının azaldılmasının araşdırılması ehtimalını istisna etməyib

2021.10.20, 07:36
Pompeo koronavirus səbəbindən İran sanksiyalarının azaldılmasının araşdırılması ehtimalını istisna etməyib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo koronavirusla mübarizə üçün İran və digər ölkələrə qarşı qəbul edilmiş sanksiyaların azaldılmasını istisna etməsə də, bu barədə qəti mövqe sərgiləməyib.

 

O, jurnalistlərə verdiyi açıqlamada bir daha vurğulayıb ki, humanitar məhsullar, eləcə də tibbi ləvazimatlara qarşı sanksiyalar qəbul edilməyib. Buna görə də, İran bu məhsulları almaq istiqamətində digər ölkələrlə əməkdaşlıq edə bilər.

 

Pompeo ölkəsinin müntəzəm olaraq yürütdüyü xarici siyasətə yenidən baxdığı və dəyişikliklər apardığını qeyd edib. Dövlət Departamentinin rəhbəri bu səbəbdən rəsmi Tehrana qarşı qəbul edilmiş sanksiyaların azaldılmasının araşdırılmasını istisna etməyib.

 

Xatırladaq ki, ABŞ 2018-ci ilin may ayında rəsmi Tehrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyinin anonsunu verərək, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını birtərəfli qaydada tərk etmişdi. Bundan sonra qəbul edilmiş sanksiyalar İran iqtisadiyyatını iflic vəziyyətə salıb.

 

Vaşinqton İrana nüvə proqramından savayı, raket proqramı və regional təxribatçı fəaliyyətlərini də əhatə edən yeni razılaşma əldə etmək üçün yenidən danışıqlar masasına oturmağı təklif edir. Belə olduğu təqdirdə, ABŞ embarqoların ləğv edilməsi məsələsinə baxa bilər. İran isə bu şərtlərlə danışıqlar masasına oturmaqdan imtina edir.

 

Son günlər ərzində Xarici İşlər naziri Məhəmməd Cavad Zərif başda olmaqla, iranlı bir çox rəsmilər sanksiyaların ləğv edilməsi üçün kampaniya başladıblar və "Twitter" sosial şəbəkəsində bu istiqamətdə ABŞ əleyhinə ittihamlarla dolu statuslar yazırlar. Zərifə cavab verən Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus isə iranlı rəsmilərə koronavirusla mübarizə üçün Xamneyinin fondlarında mövcud olan milyardlarla dollardan vəsait götürə biləcəklərini bildirmişdi.

 

Digər tərəfdən Amerika bir neçə gün öncə İrana koronavirusla mübarizə üçün rəsmi qaydada kömək təklif etmişdi, lakin "dini lider" Əli Xamneyi bu təklifə müsbət cavab verməmişdi.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar