SON XƏBƏRLƏR

Pompeo: “Tramp hökumətində heç kəs İranla müharibənin tərəfdarı deyil”

2021.10.20, 07:36
Pompeo: “Tramp hökumətində heç kəs İranla müharibənin tərəfdarı deyil”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo mayın 23-də “America One” xəbər şəbəkəsinə müsahibəsində İranla Amerika arasında baş verə biləcək mümkün savaşdan danışıb.

 

İranın Orta Şərqdə Amerikanın mənafeyinə və region ölkələrinə qarşı gündən-günə artan təhdidinə toxnan Pompeo, ona verilən “İranla müharibə qaçılmazdır” sualını cavablandırarkən deyib ki, Tramp hökumətində heç kəs İranla müharibənin tərəfdarı deyil: “Prezident Tramp İranla müharibə olmasını istəmir. Mən də müharibə istəmirəm. Ümumiyyətlə hökumətdə heç kəs müharibənin tərəfdarı deyil. Bizim heç birimiz bunu istəmir.

 

Əlbəttə ki, bunu iranlılar dərk etməlidirlər. Prezident Tramp öz “Twitter” səhifəsində yazdığı kimi, biz sadəcə olaraq, hər hansı bir təhdid qarşısında Amerikanın maraqlarını qoruyacağıq. Biz bilirik ki, İran uzun bir müddət Orta Şərqdə sabitliyin pozulmasının əsas səbəbkarı olub. Siz Livana, Suriyaya, Yəmənə və ya İraqa baxın. İranın dağıdıcı bir oyunçu rolunda oynadığı məkanların sayının sayı-hesabı yoxdur.

 

Bir daha bildiririk ki, biz İranın nüvə silahına yiyələnməsinə və öz proqramını genişləndirməsinə  imkan verməyəcəyik. Biz, İranın bu hədəf və proqramlarının qarşısını almaq üçün iqtisadi və diplomatik bir kampaniyaya başlamışıq və indiyə qədər də bu işdə uğur qazanmışıq” –deyə Pompeo əlavə edib.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəz bölgəsinə göndərib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar