SON XƏBƏRLƏR

Qadınlar İran-Kamboca milliləri arasında baş tutacaq maça tamaşa edə biləcəklər

2021.10.20, 07:36
Qadınlar İran-Kamboca milliləri arasında baş tutacaq maça tamaşa edə biləcəklər

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının rəhbərinin mədəni işlər üzrə müşaviri Qulamhüseyn Zamanabadi qadınların İran-Kamboca milliləri arasında baş tutacaq oyuna tamaşa etmək üçün stadionlara daxil ola biləcəklərini deyib.

 

O bildirib ki, bütün qadınlar bu oyuna tamaşa edə bilərlər. Bunun üçün onlar internet vasitəsilə bilet almağa başlaya bilərlər.

 

Lakin müşavir stadionda qadınlar üçün nə qədər yerin ayrıldığını açıqlamayıb. Zamanabadinin sözlərinə görə, bu məsələ bilet satışı bitəndən sonra müəyyənləşəcək. Bilet almış qadınların sayına uyğun olaraq, stadionda onlara yer ayrılacaq.

 

Futbol Federasiyasının rəsmisi qadınların ölkə çempionatının oyunlarına tamaşa etmək üçün stadionlara girişinə icazə verilib- verilməməsi məsələsinin hələ ki, müzakirə edilmədiyini deyib.

 

Xatırladaq ki, sözügedən görüş cari ilin oktyabrın 8-də, Tehranın “Azadi” stadionunda keçiriləcək.

 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası İrana qadınları stadionlara girişi məsələsini həll etmək üçün möhlət müddəti vermişdi. Bu zaman bitdikdən sonra İranın futbol rəsmiləri dövlətin qeyd edilən xüsusda heç bir iradı oladığını və qadınların stadionlara daxil olmasının qanunla da qadağan edilmədiyini bildirmişdilər.

 

Digər tərəfdən, İran prezidentinin hüquq məsələləri üzrə müşaviri Hüseyn Əmiri ötən gün bildirib ki, idman nazirinin göstərişi və aidiyyatı dövlət orqanlarının əməkdaşlığı ilə stadionlarda qadınların futbol maçlarına tamaşa etmələri üçün lazım olan şəraitin yaradılması istiqamətində işlər gedir.

 

O əlavə edib ki, bu şərait qadınlar üçün kişi sektorlarından ayrı giriş qapısı və oturacaqların hazırlanmasını əhatə edir.

 

Qeyd etmək lazımdır ki, İranda qadınların stadionlara girişi məsələsi futbol fanatı olan Səhər Xudayarinin özünü yandıraraq intihar etməsindən sonra bir daha gündəmə gəlib. Bu hadisədən sonra FİFA sentyabrın 11-də qeyd edilən məsələni araşdırmaq üçün İrana heyət göndərdiyini bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar