SON XƏBƏRLƏR

“Qanun” qəzeti: ““Ana dilinin tədrisi” milli təhlükəsizliyə qarşıdır, bu pantürkistlərin istəyidir”

2021.10.20, 07:36
“Qanun” qəzeti: ““Ana dilinin tədrisi” milli təhlükəsizliyə qarşıdır, bu pantürkistlərin istəyidir”

Gunaz.tv

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri parlamentdə ana dilinin tədris ilə bağlı imza toplandığını açıqladıqdan sonra paniranist qüvvələr ona qarşı hərəkətə keçib.

 

Məlumata görə, Güney Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən sözdə islahatçı “Qanun” qəzeti ictimaiyyətin əsas tələblərindən biri olan ana dilinin məktəblərdə tədris olunmasına qarşı mövqe sərgiləyib.

 

Bu barədə qəzetdə “Qövmlərin uçurumu təlimi” başlığı ilə yayılan məqalədə İranda ana dilinin tədris olunması ölkə təhlükəsizliyinin əleyhinə olan amil kimi xarakterizə edilib, onun konstitusiyanın 15-ci maddəsinə uyğun gəlmədiyi də qeyd olunub.

 

Bildirilib ki, millət vəkilləri bölgələrdən səs ala bilsinlər deyə belə bir təşəbbüslə çıxış edirlər.

 

“Qanun” qəzeti ana dilinin tədrisi ilə bağlı təşəbbüsünə görə Ərdəbilin millət vəkili südeyif Bədrini qanunu bilməyən millət vəkillərindən biri kimi təqdim edib.

 

Məqalədə qeyd olunub ki, “ana dilinin tədrisini pantürkistlər istəyir. Onlar ana dilində təhsil hüququndan bəhrələnərək siyasi divident əldə etməyə çalışır.”

 

“Qanun” qəzeti hətta Zəncan Əyaləti Təhsil Şöbəsinin əməkdaşlığı ilə Məhəmmədrza Kəriminin tədris üçün qələmə aldığı “Ana dili” kitabınada dözümsüzlük nümayiş etdirib. Tanınmış araşdırmaçı yazıçını Təhsil Şöbəsinin xoşgörüsünü saxtalaşdırmaqda ittiham edən qəzet bu kitabın Təhsil Şöbəsi ilə əlaqəsi olmadığını, onun pantürkistlər tərəfindən yazıldığını bildirib.

 

Məqalənin davamında iddia edilib ki, “ana dilində təhsil adlı hüquq yoxdur. Bunu müdafiə edənlərin bütün iddialarına rəğmən ana dilində təhsil məsələsi ibtidai və ya təbii hüquq sayılmır. Əgər parlamentdə belə bir qanun qəbul olunarsa, Konstitusiyaya Nəzarət Şurası onun icra olunmasına mane olmalıdır.”

 

Bu fikirlər o halda səsləndirilir ki, İran Konstitusiyasının 15-ci maddəsi ölkədə fars dili ilə yanaşı digər qövmlərin dilinin mətbuatda istifadə olunması və məktəblərdə tədris edilməsini azad elan edib.

 

“Qanun” qəzeti sözügedən məqaləni, Ərdəbilin millət vəkili Südeyif Bədri məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını açıqladıdan sonra dərc edib.

 

S.Bədri aprelin 17-də parlamentin xəbər agentliyi ilə danışığında bildirib ki, bu layihə qəbul olunacağı təqdirdə məktəblərdə müxtəlif qövmlərin ana dilinin tədrisinə şahid olacayıq.

“İran İslam Cümhuriyyəti Konstitusiyasının 15-ci maddəsi fars dili ilə yanaşı məktəblərdə qövmlərin dilinin tədris olunmasına icazə verir. Lakin müəyyən məsələr və bəzilərinin dar düşüncəsinə görə bu maddə icra olunmur. Artıq bununla bağlı parlamentdə imza toplanılır, layihəni imzalayan deputatların sayı getdikcə artır. Ümid edirəm ki, bu iş nəticə verəcək və İranın müxtəlif məntəqələrində ana dilinin tədrisinə şahid olacayıq. 15-ci maddənin icrası qövmlərin əsas tələbidir”- deyə o sözlərinin bir hissəsində qeyd etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar