SON XƏBƏRLƏR

Qardaş ölkənin baş diplomatı Azərbaycan prezidentinə Vaşinqtondakı danışıqlar barədə məlumat verib

2021.10.20, 07:36
Qardaş ölkənin baş diplomatı Azərbaycan prezidentinə Vaşinqtondakı danışıqlar barədə məlumat verib

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən Azərbaycana gəlib və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Türkiyənin xarici işlər naziri Türkiyə-Ermənistan əlaqələri haqqında məlumat verib. İ.Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı son vəziyyət haqqında danışıb. "Media forum" saytı AzTV-yə istinadla xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub, ölkələr arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb. Dünən Əhməd Davudoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. APA-nın xəbərinə görə, görüşdən sonra nazirlər birgə brifinq keçiriblər. E. Məmmədyarov Ə. Davudoğlunun ABŞ-da keçirilən danışıqların nəticəsi, müzakirə olunan məsələlər barədə ətraflı bilgi verdiyini, Azərbaycan prezidentinin məlumatlandırıldığını deyib: "Bizim də ikitərəfli görüşümüz oldu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bundan sonrakı birgə fəaliyyətimizi müzakirə etdik. Bundan başqa, Cənubi Qafqazda tezliklə sülh və sabitliyin bərqərar olması üçün bundan sonra atılacaq addımlar müzakirə mövzusu oldu".

Azərbaycan XİN başçısı müzakirələrin nəticəsi olaraq, bəzi məsələlərin daha da aydınlaşdığını, Vaşinqton danışıqları barədə daha ətraflı məlumat əldə olunduğunu vurğulayıb. Türkiyə xarici işlər naziri bütün məsələlərdə və mərhələlərdə Azərbaycanla qarşılıqlı təmas şəklində işləməkdən məmnun olduqlarını qeyd edib: "Biz buna böyük əhəmiyyət veririk. Son prosesləri əvvəlcə prezident İlham Əliyev, sonra isə Elmar Məmmədyarovla müzakirə etdik. Vaşinqtonda keçirilən nüvə təhlükəsizlik sammitindən əvvəl Türkiyə XİN Aparatının rəhbəri Firudin Sinirlioğlu Azərbaycana gələrək, rəsmi Bakının məsələyə münasibətini öyrənmişdi. Sammit çərçivəsində xeyli görüşümüz oldu. Bütün görüşlərimizdə əsas hədəf olaraq Qafqazda sülh, təhlükəsizlik və sabitliyə əsaslanan prosesin davam etməsini göstərdik. Əvvəldən də missiyamız bundan ibarət idi. Ermənistan-Azərbaycan probleminin həlli və Azərbaycan torpaqlarını işğal azad edilməsi də missiyanın tərkib hissəsidir". Ə. Davudoğlu Azərbaycan və Türkiyənin hədəflərinin açıq olduğunu bildirib: "Bu hədəf Cənubi Qafqazda bütün əlaqələrin normalaşdırıldığı, sərhədlərin açıldığı, təhlükəsizliyin və qarşılıqlı etimadın olduğu yeni mərhələni başlatmaqdır. Ümid edirik ki, ATƏT-in Minsk Qrupunun səyləri ilə də bu, mümkün olacaq, hədəfə çatacağıq. Sabah (bu gün) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri də mühüm əhəmiyyət daşıyır. Biz bütün tərəflərlə təmasları davam etdirərək, hədəfimizə çatmaq üçün lazımi səyləri davam etdirəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar