SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi fəalların türkcə yazılan özünümüdafiə mətnini qəbul etməkdən imtina edib

2021.10.20, 07:36
Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi fəalların türkcə yazılan özünümüdafiə mətnini qəbul etməkdən imtina edib

Gunaz.tv

GünAz TV: Urmiyada Apellyasiya Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi və Cavad Əhmədi Yekanlının türkcə yazdıqları özünümüdafiə mətnini qəbul etməkdən imtina edib.

 

Uzun müddət Sulduz Məhkəməsində davam edən prosesdən sonra ittihamlardan bəraət qazanan Əmir Səttari Rəuf, Ulduz Qasimi və Cavad Əhmədi Yekanlı Urmiyə prokurorunun müavininin şikayəti üzrə Apellyasiya Məhkəməsinə çağırılıb. Onlar oktyabrın 9-da Urmiyada Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub.

 

Təbriz zindanında həbsdə olan siyasi məhbus Əmir Səttari Rəufa icazə verilmədiyi üçün apellyasiya məhkəməsində iştirak edə bilməyib.

 

Məlumata görə, hakim Nəim Məhbubi Ulduz Qasimi və Cavad Əhmədi Yekanlının türk dilində yazdıqları özünümüdafiə mətnini qəbul etməkdən imtina edib. Hakim buna səbəb kimi İranda rəsmi yazışma dilinin fars dili olduğunu göstərib.

 

Adlarını çəkdiyimiz fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda yaxalanmışdır. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən 12-ci ildönümü mərasimi ilə bağlı saxlanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün buraxılsa da adlarını çəkdiyimiz fəallar bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar yaxalanarkən döyülüb, Cavad Əhmədi Yekanlı təcridxanada saxlandığı müddətdə vəhşicəsinə işgəncə edilmişdir.

 

Qeyd edək ki, son vaxtlar İran rejimi güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Bu istiqamətdə çox sayda fəal təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb və ya məhkəmə qarşısına çıxarılaraq ağır həbs hökmü ilə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar