Üç xarici ölkə ilə həmsərhəd olan Qərbi Azərbaycan əyalətinin sərhədləri iri və xırda buynuzlu heyvan qaçaqmalçıların üçün dəhlizə çevrilib.
Gunaz.tv
İran rejiminin qabaqlayıcı tədbirlər görməməsi və əlaqəli qanunlar qəbul etməməsi əyalətin sərvətinin qaçaqmalçılıq yolu ilə xarici dövlətlərə daşınmasına səbəb olur.
Bundan başqa, həmin bölgədə qida məhsulları, valyuta və narkotik vasitələrin qaçaqmalçılığı da geniş vüsət alıb.
İranla Qərbi Azərbaycan əyalətinin həmsərhəd olan ölkələr arasında iri və xırda buynuzlu heyvanların qiymətlərinin üç dəfə fərqlənməsi ölkədən mal- qaranın qaçaqmalçılıq yolu ilə həmin ölkələrə daşınaraq satılmasına rəvac verib.
Qərbi Azərbaycan əyalətinin Sərhəd Xidmətinin rəisi Yəhya Hüseynxaninin sözlərinə görə aprel ayından noyabr ayının sonlarına qədər əyalətdən qonşu ölkələrə aparılan ümumi dəyəri 460 milyard 860 milyon tümən olan 40 724 baş heyvan aşkar edilib. Hansı ki, ötən ilin oxşar dövründə əyalətdə ümumi dəyəri 47 milyard 940 milyon tümən dəyərində 397 baş heyvan saxlanmışdı.
Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində heyvan qaçaqmalçılığı ilə məşğul olan 23 şəxs həbs edilib.
Rəsmilər bildirirlər ki, 1 il ərzində qaçaqmalçılığın bu qədər geniş vüsət alması İraqla İran arasında mal-heyvanın qiymətlərinin kəskin fərqlənməsi və bunun nəticəsində də sözügedən sahənin gəlirli olmasıdır.
Bu məsələ ilə əlaqəli danışan İran Milli Məclisinin İqtisadiyyat Komitəsinin üzvü Məhəmməd Əlipur bildirib ki, qida məhsulları, valyuta və mal-heyvan qaçaqmalçılığının geniş yayılmasının səbəblərindən biri də aidiyyatı orqanların qaçaqmalçıları cəzalandırmamaları və ya öz vəzifələrini düzgün yerinə yetirməməsi ilə bağlıdır.
O qeyd edib ki, qaçaqmalçılığın qarşısının alınması məqsədilə ölkədə mal- heyvanın nömrələnməsi ilə bağlı qanun var, amma ona riayət olunmur. Bu isə həm ölkədən, həm də Qərbi Azərbaycan əyalətindən heyvanların qaçaq yolla xaricə daşınmasına yol açan amillərdəndir.
Rəsmi sonda qeyd edib ki, müvafiq hüquq- mühafizə və nəzarət orqanları mübarizə istiqamətində bütün qayda- qanunlara doğru şəkildə əməl etsələr, qaçaqmalçılığın qarşısını almaq mümkün olar.
Ə.A