SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisinin müavini Urmu gölünün canlandırılması prosesinə təsir edən amilləri sadalayıb

2021.10.20, 07:36
Qərbi Azərbaycan valisinin müavini Urmu gölünün canlandırılması prosesinə təsir edən amilləri sadalayıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini Tağı Kəhuriyan Urmu gölünün canlandırılması prosesinə təsir edən amilləri sadalayıb.

 

O bu barədə “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Gölün canlandırılması üçün nəzərdə tutulan projelərin son vəziyyəti ilə bağlı ciddi araşdırmalar aparılıb. Məlum olub ki, projelərin icrası prosesinə ən çox iqlim dəyişikliyi, yanlış idarəçilik və maliyyə sıxıntıları təsir edir. Hesab edirəm ki, gölü böhrandan qurtarmaq üçün birinci mərhələdə düzgün tədbirlər alınmalı və bölgədəki su qaynaqlarından istifadədə israfa yol verilməməlidir. Yalnız bu şəkildə projelərin icrası üçün düzgün şərait yaratmaq mümkündür”- deyə T.Kəhuriyan  bildirib.

 

Onun sözlərinə görə, Urmu gölü ətrafında baş verən iqlim dəyişikliyi yağıntıların azalması, havanın istiləşməsi və buxarlanmanın artması ilə əlaqədardır.

 

Qərbi Azərbaycanın vali müavini sözlərinin sonunda qeyd edib ki, Urmu gölünün canlandırılması ilə bağlı təsdiqlənən 27 çıxış yolu və layihədən 12-nin göldə suyun səviyyəsinin artmasına birbaşa təsiri var.

 

Qeyd edək ki, uzun illərdir Urmu gölündə böhran yaşanır, böhranın aradan qaldırılması ilə bağlı dövlət tərəfindən heç bir əməli tədbir görülməyib. Bir tərəfdən dövlət icra orqanlarını büdcə vəsaiti ilə yetəri qədər təmin etmir. Digər tərəfdən göl üçün ayrılan az miqdarda büdcə vəsaiti icra orqanları tərəfindən mənimsənilir. Problem bununla da bitmir. İcra orqanları görülən işlərlə bağlı yalan hesabatlar yayaraq həqiqəti əhalidən gizlətməyə çalışır. Bütün bunların nəticəsində Urmu gölündə vəziyyət günü-gündən gərginləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar