SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda əl işləri ilə məşğul olanların işsizlik problemi böyüyür

2021.10.20, 07:36
Qərbi Azərbaycanda əl işləri ilə məşğul olanların işsizlik problemi böyüyür

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində əl işləri ilə məşğul olan qadın və kişi sənətkarlar, həmçinin bu məhsulların biznesi ilə keçimini təmin edən sodaşlarımız tədricən işsizlər siyahısına düşür.

 

Buna dövlətin bu sahəyə diqqət yetirməməsi, sənətkarlara dəstək verilməməsi və bazarın durğunluğu səbəb olur.

 

Əl işləri sahəsində fəal olan soydaşlarımızdan biri artıq bu sənətlə məşğul olanların ümidsizliyə uğradığını bildirib.

“Satış üçün şərait olmaması və səlahiyyətli məsulların dəstək verməməsi nəticəsində, mən və bu sahədə fəaliyyət göstərən bir çoxları artıq işimizi davam etdirməyə tərəddüd edirik. Bizə lazımi dəstək verilsəydi, nəinki öz keçimimizi təmin edərdik, hətta çoxlarına iş fürsəti də yarada bilərdik.”- deyə Əli Hüseyni bildirib.

 

Daha bir soydaşımız, Fatimə Əsğəri xalça toxumaqla məşğul olan kəndli bir qadın sənətkarı kimi bu məsələyə münasibət bildirib.

“Mənim ailəmin güzəranı xalça toxumaqla təmin olunur. Lakin xammalın qiymətinin artması və məhsulların satılmaması bizim üçün böyük problem yaradıb, artıq gəlir əldə etmək çox çətin olub.

Kimsə bizə dəstək olmur. Əgər məsullar az faizli kredit vermək kimi yollarla bizə dəstək versəydilər, o zaman həm məhsulun keyfiyyəti yüksələrdi, həm də biz normal gəlir əldə edə bilərdik.”- deyə o qeyd edib.

 

Oyma sənəti ilə məşğul olan Fəhad Məhəmmədi adlı soydaşımız da işi ilə bağlı oxşar problemləri dilə gətirib. O bildirib ki, əl işlərində çalışanlar siğorta olunmayıb. Lakin bu sənət, xüsusi ilə də oyma sənəti sənətkarlar üçün müəyyən təhlükələr yaradır, bəzən onların sağlamlığına ağır ziyan vurur. Ona görə də sənətkarlar siğorta olunmalı, həmçinin onlara az faizli kreditlər verilməlidir. Yalnız bu şəraitdə işin davamına ümid edib və normal gəlir əldə etmək mümkündür.

 

Əl işləri sənəti qədim mədəniyyətin göstərgəsi olduğundan əlavə, son vaxtlar Güney Azərbaycanda gəlir gətirən bir sənət kimi çoxlarının diqqətini çəkir və get-gedə populyarlıq qazanır. Belə bir vaxtda bazarın durğunluğu və dövlətin bu sənətə dəstək verməməsi çoxlarına ağır maddi ziyan vurur, nəticə etibarı ilə əl işləri sənəti də bu vəziyyətdən öz payını alır.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar