SON XƏBƏRLƏR

Qeyri-fars millətlərinin insan haqları dərnəkləri Əhvaz hadisələri ilə bağlı birgə bəyanat yayıb

2021.10.20, 07:36
Qeyri-fars millətlərinin insan haqları dərnəkləri Əhvaz hadisələri ilə bağlı birgə bəyanat yayıb

Gunaz.tv

GünAz TV: İran coğrafiyasında yaşayan qeyri-fars millətlərinin insan haqları dərnəkləri son günlərdə Əhvazda yaşanan hadisələrlə bağlı birgə bəyanat yayıb.

 

Bəyanat Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk), Zaqros İnsan Haqları Mərkəzi, Əhvaz İnsan Haqları Müdafiəçiləri, Türkmənsəhra İnsan Haqları Müdafiəçiləri, İsveçdə fəaliyyət göstərən Qaşqay İnsan haqları Komitəsi, Bəluçistan İnsan Haqları Qrupu “BHRG” və Əhvaz İnsan Haqları Mərkəzi tərəfindən yayılıb.

 

“Əhvaz əhalisi İran televiziyasının bir uşaq verilişində ərəblərin ölkədə inkar edilməsinə etiraz olaraq martın 28-dən küçələrə çıxdılar. Onlar İran Teleradio Şirkətinin irqçi siyasətlərini qınayaraq rəsmi şəxslərin ərəb millətindən üzr istəməsini tələb etdilər. Lakin üzr istəmək əvəzinə, xüsusi təyinatlılar əhalinin mədəni etirazlarına güllə və gözyaşardıcı qazla hücum etdi, nəticədə çox sayda insan bədən xəsarəti aldı, bir çoxları isə saxlanıldı. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, beynəlxalq konvensiyalar və həmçinin islam cümhuriyyəti Konstitusiyasının 27-ci maddəsinə ziddir.

 

Etirazçılar İran televiziyasını qınamaqdan əlavə Karun çayının quruldulması, Xuzistanda ətraf mühitə verilən ziyan, Yedditəpə şəkər qamışı və Əhvaz Polat Sənayesi zavodunda işləyənlərin əmək haqqının ödənilməməsinə də etiraz etdilər. Onlar bununla çalışdılar ki, Xuzistan ərəblərinə qarşı irqçi baxışa və etnik ayrı-seçkiliyinə son qoyulsun. Aksiyaçılar ərəb uşaqlarının ana dilində təhsildən məhrum edilməsi və bölgədəki hökm sürən işsizliyə də kəskin etiraz bildirdilər.

 

Xuzistan zəngin neft yataqları və verimli torpaqlara malik olmasına rəğmən çox yoxsul vəziyyətdədir, ərəblərin milli, insani və mədəni hüquqları tapdalanır.

 

Əhvazlı ərəb insan hüquqları müdafiəçiləri keçirilən etirazlarda 172 qadın və kişinin saxlandığını bildirir. Tutulanlardan 2-nin işgəncələr altında öldüyü haqda da xəbərlər yayılır. Əhvazda yandırılan çayxanada 16 nəfər həyatını itirdi, həmin çayxana əhvazlı mədəni fəalların toplaşdığı məkan olub. Bu hadisədə Ettelaat əməkdaşlarının əli olduğu deyilir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Bəyanatın sonunda ərəblərin Xuzistan Əyalətində keçirdikləri haqlı etiraz aksiyalarına birmənalı dəstək nümayiş etdirib. “Biz qeyri-fars millətlərinin insan haqları fəalları olaraq əhvazlı ərəb millətinin haqlı və dinc aksiyalarını dəstəkləyir, tutulanların qeyd-şərtsiz azadlığa buraxılması və etirazçılara güc tətbiq edənlərin ictimaiyyətə açıqlanması və cəzalandırılmasını tələb edirik. İslam cümhuriyyəti İranda qeyri-fars millətlərinin milli hüquqlarını tanımalı, onlara qarşı siyasi, iqtisadi, ictimai və mədəni ayrı-seçkiliyə son qoymalıdır”- deyə bəyanatda vurğulanıb.

 

Xatırladaq ki, martın 23-də İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan bir uşaq verilişində, azyaşlı aparıcı, İran xəritəsində müxtəlif millətlərin yaşadığı bölgələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvaza gəlincə, yerli ərəblərə məxsus milli geyimi olan gəlincik yox, yerinə başqa bir gəlincikdən istifadə edilib. Bununla da həmin bölgədə ərəb millətinin yaşamadığına eyham vurulub. Bu irqçi hərəkət yerli ərəb əhalisinin kəskin etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar