SON XƏBƏRLƏR

QOCAMAN JURNALİST RƏŞİD MAHMUDOV VƏFAT EDİB

2021.10.20, 07:36
QOCAMAN JURNALİST RƏŞİD MAHMUDOV VƏFAT EDİB

Gunaz.tv
QOCAMAN JURNALİST RƏŞİD MAHMUDOV VƏFAT EDİB reshidmahmudovvefatedib.jpg Azərbaycan mətbuatının qocaman nümayəndəsi Rəşid Mahmudov vəfat edib. Mətbuat Şurasının verdiyi nekroloqda deyilir: «Amansız ölüm noyabrın 1-də hamımızın əzizi, zəngin və mənalı həyat yolu keçmiş Rəşid İsmayıl oğlu Mahmudovu aramızdan apardı. Bu nəinki mediamıza, eləcə də bütövlükdə Azərbaycan ictimaiyyətinə üz vermiş ağır, əvəzolunmaz itkidir. O, 79 il yaşadı, bir il sonra noyabrın 6-da 80 illik yubileyini qeyd etmək niyyətində idik. Rəşid müəllim ölkənin sayılıb-seçilən şəxslərindən biri kimi məsul vəzifələrdə çalışmışdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbuat, radio, televiziya bölməsinin müdiri (1965-1973), Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi (1973-1980), Dövlət Mətbuat Komitəsinin sədri (1988-1991) vəzifələrində işləmişdi. 1950-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini fərqlənmə diplomu ilə bitirən R.Mahmudovun ilk yaradıcılıq ocaqları saydığı «Azərbaycan gəncləri» və «Azərbaycan dəmiryolçusu» qəzetlərində müxbir, «Azərnəşr»in siyasi ədəbiyyat şöbəsində redaktor kimi sevincli günləri az olmayıb. R.Mahmudov «Kommunist», indiki «Xalq qəzeti»ni özünün ikinci həyat universiteti sayırdı. Bu nəşr jurnalist kimi potensialının açılışında müstəsna rol oynamışdı. 1953-1965-ci illərdə orada ədəbi işçi, şöbə müdiri, redaktor müavini, redaksiya heyətinin üzvü olan Rəşid müəllim ikinci dəfə nəşrə qayıdanda ona redaktor vəzifəsi həvalə edilmişdi. Ölkənin 1 saylı qəzetinə rəhbərlik asan iş olmasa da, yaşlı nəslin nümayəndələri R.Mahmudovun belə qabiliyyətini daim yüksək dəyərləndirirdilər. Rəşid müəllimin bu gəlişi qəzetdə peşəkarlığın artması, yeni istedadların üzə çıxarılması, oxucularla daha sıx təmasların yaranması, jurnalist zəhmətinə sayğı ilə nəzərləri cəlb etdi. Kamil sənətkarlığa görə dəfələrlə mükafatlara, respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülən Rəşid müəllim ahıl yaşlarında da mətbuatdan kənar dayanmamışdı. Prezidentin fərdi təqaüdçüsü qələmə aldığı hər yazıda jurnalist sənətinə, sözünə məsuliyyətin yeni nümunəsini yaradırdı». Allah rəhmət eləsin! «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar