SON XƏBƏRLƏR

İran atom enerjisi məktəblərini genişləndirmək istəyir

2022.08.22, 03:42
İran atom enerjisi məktəblərini genişləndirmək istəyir

Gunaz.tv

Məhəmməd İslami ölkənin təhsil müdirləri və rəhbərlərinin iclasındakı çıxışında elan edib ki, təşkilatın inkişaf sənədinə əsasən, yaxın 20 ildə nüvə elektrik stansiyaları sektorunda “ən azı 30 min ixtisaslaşmış kadr” hazırlanmalıdır.

"Biz bu məktəbləri ibtidai məktəbdən açmağa qərar verdik. Məktəblər nüvə obyektləri olan şəhərlərdə təsis olunacaq və genişləndiriləcək"-deyə, Məhəmməd İslami bildirib.

Hazırda yalnız Tehranda atom enerjisi üzrə qız və oğlan liseyləri fəaliyyət göstərir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri nüvə texnologiyası üzrə məktəblərin yaradılacağı şəhərlərin adlarını açıqlamayıb.

Ancaq İranın məşhur nüvə mərkəzləri Buşehr və İsfahan şəhərlərində, Mərkəzi və Qum əyalətlərində yerləşir.

Cari ilin aprelində M.İslami İranın Atom Enerjisi Təşkilatı üçün 20 illik strateji inkişaf sənədinin hazırlandığını elan etmişdi.

Qeyd edək ki, dünyanın bir sıra universitetlərində iranlı tələbələr üçün nüvə enerjisi ilə bağlı sahələrdə məhdudiyyətlərin yaradılması 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1737 saylı qətnaməsinin təsdiqi ilə başlayıb.

Bu qətnamədə ölkələrdən İran vətəndaşlarının nüvə texnologiyası ilə bağlı sahələrdə təhsil almasına mane olmaları istənilib.

1737 saylı qətnamə BMT Təhlükəsizlik Şurasının 23 dekabr 2006-cı ildə 15 üzvünün hamısının səsverməsi ilə təsdiq edilmiş Təhlükəsizlik Şurasının qətnamələrindən biridir.

Bu qətnamədə İslam Respublikasını uranın zənginləşdirmə proqramını dayandırmağa məcbur etmək üçün İrana qarşı sanksiyalar tətbiq edilib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar