SON XƏBƏRLƏR

İran dövlət televiziyasında şovinist çağırış: "Türk adlarına qadağa qoyulsun"-VİDEO

2021.11.10, 13:46
İran dövlət televiziyasında şovinist çağırış: "Türk adlarına qadağa qoyulsun"-VİDEO

Gunaz.tv

“Salam Tehran” verilişində çıxış edən qonaq, İranın Ümumi Mədəniyyət Şurasının Katibi Seyid Məcid İmami türk adlarının ölkədə günü-gündən çoxalmaqda olduğunu bildirib. Dilçi ekspert türk adlarının "anlamsız", "qeyri-irani", "qeyri-islami" olduğunu iddia edib. O, türk adlarını "ciddi təhlükə" adlandırıb.

Verilişin qonağı bildirib ki, türk adlarının yayğınlaşması mədəni problemləri artıracaq.

“Demək olar ki artıq təhlükə siqnalı səslənib”-deyə, onun sözlərinə dəstək verən aparıcı bildirib.

Qonaq isə belə halların qarşısının alınması üçün tədbirlər görülməli olduğunu təkid edir.

Qeyd edək ki, İranda türk adlarına qarşı rəsmi səviyyədə ciddi maneələr tətbiq olunmasına baxmayaraq, gney azərbaycanlılar və İranın başqa bölgələrində yaşayan türklər arasında yeni dünyaya gələn uşaqlara türk adlarının verilməsi çoxalmaqdadır.

İranın Qeydiyyat İdarəsi müxtəlif bəhanələrlə bunun qarşısını almağa, türk adı qoyulan uşaqlara şəxsiyyət vəsiqəsi verməkdən imtina etməyə çalışır.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. 

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk" İnsan Haqlarını Müdafiə Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından biridir.

 C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar