SON XƏBƏRLƏR

İran Təhsil Nazirliyindən türk dili qadağası

2022.06.10, 06:10
İran Təhsil Nazirliyindən türk dili qadağası

Gunaz.tv

Nazirlik iddia edib ki, bir sıra xarici özəl qurumlar qanuni icazələri olmadan xaricdə təhsil almaq üçün iranlı öyrənciləri cəlb edirlər.

İran Təhsil Nazirliyinin bu qərarı “Anadolu” xəbər agentliyinin iyunun 6-da bir qrup iranlı öyrəncinin Türkiyədə ali məktəb təqaüdü almaq üçün imtahan verməsi barədə yaydığı məlumatdan sonraya təsadüf edir.

“Anadolu” xəbər agentliyinin yazdığına görə, İranın Sistan-Bəlucistan və Gülüstan əyalətləri kimi ucqar bölgələrindən olan bu öyrəncilərin əksəriyyəti imtahan verərək Türkiyənin İmam Xətib liseyində təhsil almaq üçün ərizə veriblər.
Bununla bağlı Beynəlxalq Əlaqələr və Xaricdə Məktəblər Mərkəzinin rəhbəri Mehdi Fəyyazi iyunun 9-da İran Xarici İşlər Nazirliyinə məktub yazıb.

 “Son zamanlar bəzi xarici özəl qurumlar iranlı öyrənciləri təhsilə cəlb edir və qeydiyyata alırlar. Onların çoxunun təhsil fəaliyyəti üçün qanuni lisenziyaları olmadan xarici məktəblərdə oxutmaq üçün öyrənci və şagird yığırlar”-deyə, Fəyyazi bildirib.

O, bunun ali rəhbər Əli Xameneyinin göstəriş və tövsiyələrinə zidd olduğunu deyib və Türkiyənin “Yunis İmrə” fondunun İranın müxtəlif bölgələrində öyrənci və şagirdləri “aldadaraq” Tehrana çağırdığını, ən istedadlılarını seçərək Türkiyəyə göndərib və təqaüd verdiyini iddia edib.

Fəyyazi İran Xarici İşlər Nazirliyindən Türkiyə hökumətinin bu işinə reaksiya verməsini və iranlı öyrəncilərin Türkiyədə təhsilə cəlb olunmalarını dayandırmasını istəyib.

İranın Mühacirət Mərkəzi 2020-ci ildə dərc etdiyi hesabatda Türkiyədə iranlı öyrəncilərin sayının 2013-cü ildən bəri təxminən 1300 faiz artdığını və 2017-ci ildə 6000-dən çox öyrənciyə çatdığını açıqlayıb.

Qeyd edək ki, bundan öncə İranın müxtəif əyalətlərində, özəlliklə Qərbi Azərbaycan əyalətində Türkiyədə təhsillə bağlı reklam lövhələri və banerlərinin çoxalması ilə bağlı rəsmilər narahatlıqlarını bildirmişdilər.

Özəlliklə İran İnqilab Keşikçiləri Korpusunun rəhbərliyində təmsil olunan şəxslər bunu “mədəni hücum” adlandırmış və türk dilində, latın əlifbasında yazılan təhsil reklamlarının yığışdırılmasını istəmişdilər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar