SON XƏBƏRLƏR

İran parlamentinin erməni deputatı: “Azərbaycan tezliklə İrana qarşı əməllərinin ağır bədəlini ödəyəcək”

2021.10.20, 07:36
İran parlamentinin erməni deputatı: “Azərbaycan tezliklə İrana qarşı əməllərinin ağır bədəlini ödəyəcək”

Gunaz.tv

Bu gün SEPAH terror təşkilatına bağlı olan “Fars” agentliyinə açıqlamasında iki ölkə sərhədlərində baş verən son olaylara toxunan erməni deputat, ötən il Azərbaycanla Emənistan arasında baş verən 44 günlük savaşdan bəhs edib.

Erməni deputat öz ərazilərini 30 illik erməni işğalından azad edən Azərbaycanı həmin müharibədə “Ermənistan ərazilərini ələ keçirməkdə” günahlandırıb:


“İran İslam Respublikasının siyasəti həmişə öz qonşuları ilə hər iki tərəfin maraqlarını başa düşməklə dostluq münasibətləri qurmaq olub. 


Biz Sovet İttifaqının dağılmasından sonra bu son 30 ildə həmişə İranın Azərbaycanla dostluq münasibətlərinin şahidi olmuşuq. Lakin təəssüflər olsun ki, bu gün biz Azərbaycan Respublikası rəsmilərinin İranın bu dost davranışına nankorluq nümayiş etdiyini görürük.


Qarabağda baş verən 44 günlük savaşın ardınca Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən hər iki ölkənin sərhədləri bir az dəyişdi və Azərbaycan Ermənistan ərazilərində bir az irəlilədi". 


Erməni deputat deyib ki, Azərbaycanın Ermənistan torpağında bu irəliləyişi isə ona gətirib çıxarıb ki, İranı Ermənistan yolu ilə Gürcüstana və oradan Avropaya bağlayan tranzit yolunun bir neçə kilometri Azərbaycan ərazisinə düşdü.


"Həmin olaydan əvvəl isə bu yol tam təhlükəsiz idi və oradan yük və sərnişin daşınırdı və heç kəsə də problem yaranmırdı. Lakin həmin tranzit yolunun bir neçə kilometrinin Azərbaycan nəzarətinə keçməsindən sonra biz bəzi problemlərin ortaya çıxmasının şahidi oluruq. 


Əvvəllər razılaşmaya əsasən gömrük rüsumları yalnız sərhəddə yığılırdı və bəlkə də hər iki ölkə heç bir rüsum almırdılar, yolda isə sürücülərdən gömrük rüsumu adı altında heç nə alınmırdı.

Lakin sözü gedən tranzit yolunun bir neçə kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçməsindən sonra əvəllər hər bir TIR-dan həmin bir neçə kilometrlik yoldan keçdiyinə görə gömrük rüsumu adı altında 130 dollar alınırdı.

Hazırda isə eşitdiyimizə görə bu 130 dollarlıq rüsum ötən bir həftə ərzində 300 dollara qaldırılıb"-deyə, o bildirib.


Ara Şaverdiyanın sözlərinə görə, Azərbaycan Respublikası bu yoldan keçən TIR-lara və avtomobillərə digər məhdidiyyətlər yaradıb və avtomobillər yalnız gündüz vaxtında bu yolda hərəkət edə bilərlər və gecələr onların hərəkətinə icazə verilmir.

"Həmçinin iki iranlı sürücü də Azərbaycan məmurları tərəfindən saxlanılaraq həbs edilib.


Azərbaycan Respublikası rəsmiləri bilməlidirlər ki, sionistlərin ayağını bu bölgəyə açmaq onlar üçün baha başa gələcək və onlar tezliklə İrana qarşı bu əməllərinin ağır bədəlini ödəyəcəklər.


Hətta əgər Cənubi Qafqaz ölkələri bölgənin xəritəsinin dəyişməsinə razcılıq versələr belə, biz heç kəsin bunu həyata keçirməsinə imkan verməyəcəyik.

Daha doğrusu, biz regionun xəritəsinin dəyişdirilməsinə, bizimlə həmsərhəd olan qonşularımızın azalmasına icazə verməyəcəyik”, -deyə İran parlamentinin erməni deputatı  bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar