SON XƏBƏRLƏR

İranda bəhai vətəndaşın şəxsi mülkü hökumət tərəfindən müsadirə edilib

2022.01.18, 11:15
İranda bəhai vətəndaşın şəxsi mülkü hökumət tərəfindən müsadirə edilib

Gunaz.tv

İran lideri Əli Xamneyinin nəzarəti altında idarə olunan “İmam Fərmanının İcraiyyə Qərargahı”nın ümumi sərvətinin 95 milyard dollardan çox olduğu təxmin edilir.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Mazandaran əyalətinin “Konstitusiyasının 49-cu maddəsinin Xüsusi Məhkəməsi” ayətullahların “Bəhailərin mülklərinin qeyri-qanuni olması” ilə bağlı fətvasına istinad edərək Şeyda Təyidin şəxsi mülkünü müsadirə edib. 

 Mülk Xamneyinin birbaşa nəzarətində olan “İmam Fərmanının İcraiyyə Qərargahı”nın balansına keçirilib. 

Yayılan məlumata görə, Şeyda Təyid 2021-ci ilin oktyabrı ayında təhlükəsizlik əməkdaşları tərəfində mənzilində həbs edilmişdi.

O, 12 gün həbsdə saxlandıqdan sonra mülki vəsiqə girovu qarşılığında müvə qətti olaraq azadlığa buraxılsa da, Mazandaran məhkəməsi onun yalnız bəhai olduğuna görə mühakimə edib.

Bildirilir ki, məhkəmədə Şeyda Təyid yalnız bəhai olduğu üçün mühakimə olunub və ona qarşı başqa hər hansı bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar