SON XƏBƏRLƏR

İranda bəhailərə qarşı yeni təzyiq dalğası- Onlarla şəxsin evində axtarış aparılıb, bəziləri həbs edilib

2022.08.01, 03:58
İranda bəhailərə qarşı yeni təzyiq dalğası- Onlarla şəxsin evində axtarış aparılıb, bəziləri həbs edilib

Gunaz.tv

 Bəhailərin evlərində axtarış aparılıb, onların şəxsi əşyaları müsadirə edilib. Bir neçə şəxsə həbs edilib.

"Azadlıq Radiosu"nun fars bölməsinin verdiyi məlumata görə,  Tehranda Məhvəş Sabit Şəhriyari və Fəriba Kamalabadi, Kərəcdə Əfif Nəimi və Saman Osovar, Sari şəhərində Səhi Sabeti, Qəzvin şəhərində isə Behnam Momtazi həbs edilib.

Nəimi, Sabet Şəhriyari və Kamalabadi bəhai icmasının tanınmış rəhbərlərindəndir. Onlar nundan öncə 10 il həbs cəzası çəkdikdən sonra azadlığa çıxıblar.

Beynəlxalq Bəhai İcmasının Cenevrədəki sözçüsü Simin Fəhəndej mediaya verdiyi açıqlamada adı çəkilən şəxslərin həbsini təsdiq edib.

O, bunu İran hökumətinin bəhailərə qarşı yeni təzyiq dalğası adlandırıb.

Adı çəkilən şəxslərin saxlanılması ilə yanaşı İran hökumətinin təhlükəsizlik məmurları Tehran, Kərəc, Sari, Qızvin və başqa bir neçə şəhərdə bəhailərin evinə basqın edərək qanunsuz axtarışlar aparıb. Onlara məxsus telefon və noutbukları müsadirə ediblər.

Bir neçə gün bundan öncə Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı təzyiqlərin artması barədə bəyanat yayıb. Bəyanatda son 50 gündə ən azı 64 bəhainin məhkəmələrə çağırıldığı, mühakimə və həbs olunduğu bildirilib.

Beynəlxalq Bəhai İcmasının BMT-dəki nümayəndəsi Bali Doqal 44 ildən artıqdır ki, bəhailərin inanclarına görə davamlı repressiyaya məruz qaldıqlarını deyib.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi ölkədə minlərlə bəhai həbs olunub.

Yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar