SON XƏBƏRLƏR

İranda daha bir sərnişin təyyarəsi havaya qalxandan az sonra qəza enişi edib

2022.01.08, 10:43
İranda daha bir sərnişin təyyarəsi havaya qalxandan az sonra qəza enişi edib

Gunaz.tv

Yayılan məlumata görə hadisə yanvarın 7-si sübh saatlarında baş verib.

Bildirilir ki, səhər saat 08:45 radələrində 103 sərnişinlə Şirazdan Tehrana uçan “İranAir” Aviasiya Şirkətinə məxsus “Fokker” tipli sərnişin təyyarəsi havaya qaxdıqdan 15 dəqiqə sonra pilot təyyarənin qapısında texniki nasazlıq yarandığını və qapının açıq qaldığını öyrənib və dərhal geri dönərək Şiraz hava limanında təcili qəza enişi edib.

Qeyd edilir ki, qəza enişindən sonra iztirab və qorxu içində olan sərnişinlər dərhal təyyarədən təxliyə edilib. 

Sərnişinlər hava limanı rəsmilərindən onların başqa bir təyyarə ilə Tehrana uçmasına şərait yaradılmasını tələb etsələr də, bu tələb rədd edilib və onlara təyyarə təmir edilənə qədər gözləməli olacaqları bildirilib.

Məlumatda bildirilir ki, 6 saat təxirdən sonra təyyarə yenidən uçuşa hazır olsalar da, bu dəfə sərnişinlərdən yalnız 79 nəfəri həmin təyyarə ilə uçmağa hazır olduqlarını bildiriblər və qalan sərnişinlər ya təyyarə ilə səfərdən imtina ediblər, ya da alternativ uçuşlarla Tehrana qayıdıblar. 

Eniş qəzasında sərnişinlərdən yalnız birinin cüzi bədən xəsarəti aldığı bildirilir.

Xtırladaq ki, yanvarın 5-də İranın Məşhəd şəhərindən İsfahana uçan “Caspian” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsi də qəza enişi etmişdi.

İsfahan Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarənin sözçüsü Abbas Abidi  mediaya açıqlamasında deyib ki, hadisə yanvarın 5-i yerli vaxtla saat 17:03 radələrində təyyarə İsfahanın hava limanına eniş edərkən baş verib.

“Göyərtəsində 110 sərnişini olan təyyarə eniş edərkən onun sol təkərində texniki nasazlıq yarandığından eniş zolağından çıxaraq dayanıb.

Hadisə nəticəsində iztirab və şok içində olan sərnişinlərdən 5-i müxtəlif dərəcəli bədən xəsarəti alıb”, -deyə İsfahan əyalətinin Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarəsinin sözçüsü Abbas Abidi bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar