SON XƏBƏRLƏR

İranlı jurnalistə sui-qəsddə şübhəli bilinən azərbaycanlı Amerikada həbs edilib

2022.07.31, 20:03
İranlı jurnalistə sui-qəsddə şübhəli bilinən azərbaycanlı Amerikada həbs edilib

Gunaz.tv

Amerika Federal Polisinin verdiyi məlumata görə, 23 yaşlı Xalid Mehdiyev iyulun 28-də Məsih Əlinejadın evinin yaxınlığında gəzişdiyi zaman həbs edilib.

"Inner City Press"-in eksklüziv məlumatına görə, iyulun 29-da Nyu-Yorkun Cənub Dairə Məhkəməsi iki məhkəmə icraçısının müşayiəti ilə məhkəməyə gətirilən Azərbaycan vətəndaşı Xalid Mehdiyev barəsində həbs qərarı çıxarıb.

Bildirilir ki, X.Mehdiyevin işi üzrə məhkəmə iclasları iki həftədən sonra keçiriləcək.

Amerika prokurorunun köməkçisi Metyu Xellman bildirib ki, Mehdiyev iranlı dissident və hüquq müdafiəçisinin evinin qarşısında - icarəyə götürdüyü Subaru Forester avtomobilindən ərazini izləyərkən həbs edilib. Mehdiyevin idarə etdiyi avtomobildən 1 ədəd AK-47 avtomatı, 66 ədəd patron və 1 ədəd dolu tapança aşkar edilib.

Mehdiyevin vəkili onun qanunsuz silah gəzdirdiyi üçün 5 il azadlıqdan məhrum etmə cəzası ilə üz-üzə qaldığını deyib və müvəkkilinin müvəqqəti azadlığa buraxılmasını istəyib.

Hakim, şübhəlinin ölkədən qaçmaq təhlükəsi olduğuna görə, onun həbsdə saxlanılmasına qərar verib və iki həftə hazırlıqdan sonra məhkəmə iclasının keçiriləcəyini bildirib.

Bildirilir ki, İslam Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri artıq iranlı dissidenti qaçırmağa cəhd ediblər.

Prokuror köməkçisi onun adını çəkməsə də, yerli medianın yazdığına görə, o, 2021-ci ildə Amerika kəşfiyyat orqanları tərəfindən oğurlanmasının qarşısı alınan iranlı jurnalist Məsih Əlinejaddan bəhs edir. 

Bir müddət əvvəl məhkəməyə Məsih Əlinejadın oğurlanmasını planlaşdıran İran xüsusi xidmət orqanlarının agentləri ilə bağlı cinayət işinin  materiallar daxil olub.

Onlar İran vətəndaşları Əlirza Şavəroqi Fərahani, Mahmud Hüseyn, Kiya Sadiqi və Omid Nuridir.

İslam Respublikasının digər vətəndaşı Nilufər Bahadorifar bu əməliyyata maliyyə dəstəyi verməkdə ittiham olunur. 

Məsih Əlinejad tanınmış iranlı jurnalist, feminist və hüquq müdafiəçisidir. O, İran rejiminin kəskin tənqidçisidir və əvvəllər “Amerikanın Səsi” və “Azadlıq Radiosu” kimi tanınmış media orqanlarının farsdilli xidmətlərində çalışıb.

Məsihin hüquq müdafiəçisi kimi fəaliyyəti bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

2019-cu ildə Məsih Əlinejad Amerikanın ovaxtkı dövlət katibi Mayk Pompeo ilə görüşüb və onunla İran müxalifətinə artan dəstəyi, eləcə də İranda insan haqlarını pozan Tehran hakimiyyətinə təzyiq formalarını müzakirə edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar