SON XƏBƏRLƏR

"Ukraynalılar bütün Avropa üçün döyüşürlər”- İranlı siyasi məhbuslar Rusiyanın hərbi təcavüzünü pisləyib

2022.03.04, 05:57
"Ukraynalılar bütün Avropa üçün döyüşürlər”- İranlı siyasi məhbuslar Rusiyanın hərbi təcavüzünü pisləyib

Gunaz.tv

İşğala qarşı dirənişi alqışlayan bəyanat müəllifləri bildirib ki, Ukrayna xalqı sülh, sabitlik və azadlıqlarını öz iradələri hesabına təmin etməyə çalışır.

Siyasi məhbuslar müharibənin nəticəsinin yalnız ballistik raketlər, bombalar və hərbi gücün həll etmədiyini, xalqın dirəniş iradəsinin bunda daha çox önəm daşıdığını vurğulayıblar.

“Ukrayna xalqının öz ölkəsində sülhə, əmin-amanlığa və təbii ki, azadlığa ehtiyacı var. Bu sülh və əmin-amanlıq ehtiyacı o qədər ciddi və həyati əhəmiyyət kəsb edir ki, xalqın potensialından heç bir anlayışı olmayan Putin onlara başqa bir seçim yolu qoymadığı üçün Ukrayna xalqı silaha sarılır və azadlığını qorumaq üçün döyüşür.

Ukraynalılar yalnız Ukrayna üçün deyil, Hitler və Putin kimilərin istibdadının genişlənməməsi üçün bütün Avropa üçün döyüşürlər”-deyə, bəyanat müəllifləri yazıblar.

Siyasi məhbuslar həqiqi sülh və xalq suverenliyinin dəyərinin yüksək olduğunu bildirib.

"Ukrayna xalqının seçdiyi hakimiyyətlə birlikdə qorxmadan savaşmaları nümunəvi hərəkətdir.

Ukrayna hökumətini xalq seçdiyi üçün hakimiyyət durumu dəyərləndirib və nəticələrdən qorxmadan xalqın iradəsinə söykənərək doğru olan dirəniş yolunu seçdi”-deyə, bəyanatda bildirilir.

Məhəmmədəli Mənsuri, Səid İqbali, Mətləb Əhmədiyan, Səid Masuri, Həsən Sadiqi və Vahid Bərzgər kimi tanınmış siyasi fəallarında imzaladığı bəyanat sosial media və İran hakimiyyətinə müxalif mətbuat orqanlarında geniş yayılıb. 

Qeyd edək ki, bir neçə gün bundan öncə İranın dini lideri Əli Xamneyi Rusiyanın Ukraynaya hücumuna haqq qazandırıb. Ukrayna hökumətini xalqın seçmədiyini iddia edib.

Xamneyinin bu çıxışından sonra İranda müxtəlif şəxslərin, qrupların, mədəni fəalların Ukrayna xalqına və hakimiyyətinə dəstək bəyanatları, aksiyaları genişlənibdir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar