SON XƏBƏRLƏR

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı-Prezident fərman verdi

2021.10.20, 07:36
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı-Prezident fərman verdi

Gunaz.tv

Fərmanda deyilir: "Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir”.

Qeyd olunur ki, işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir:

“Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. 

Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır".
Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Müəyyən edilib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar