SON XƏBƏRLƏR

Rəhim Qulaminin tədqiqat əsəri təhlükəsizlik qüvvələri tərəfindən götürülüb- Ərdəbildə

2021.10.20, 07:36
Rəhim Qulaminin tədqiqat əsəri təhlükəsizlik qüvvələri tərəfindən götürülüb- Ərdəbildə

Gunaz.tv

GünAz TV: Ərdəbilin təhlükəsizlik qüvvələri azərbaycanlı şair, araşdırmaçı və milli-mədəni fəal Rəhim Qulamini saxlarkən onun çapa hazırladığı Lüğəti özləri ilə götürüblər.

 

Təhlükəsizlik qüvvələri əllərində hökmlə fəalın evinə müraciət edib, lüğətlə bağlı əlyazmalar və çapa hazırlanmış faylları özləri ilə götürüb.

 

Fəalın tədqiqat əsəri çapdan əvvəl bir çox araşdırmaçı alimə göstərilib, onun olduqca qiymətli əsər olduğu vurğulanır.

 

Məlumata görə, bir müddət əvvəl Ərdəbil imam cüməsi Həsən Amelinin nəzarəti altında oxşar fəaliyyətlə məşğul olan kollektiv tərəfindən Rəhim Qulamiyə birgə əməkdaşlıq etmək təklifi irəli sürülüb, lakin o, təklifi rədd edərək müstəqil araşdırma aparacağını qeyd edib.

 

Ərdəbildə ədəbiyyat sahəsində fəaliyyət göstərən Həbib Nigəhban isə sözügedən tədqiqat əsəri ilə bağlı öz Facebook səhifəsində bir mətn paylaşıb.

“Ustadın dəvəti ilə 3 il əvvəl bu dəyərli əsərin toplanması, kompüterdə yazılması və redaktə edilməsində iştirak etdim. Məndən əvvəl də dostlardan bir çoxu oxşar işlərdə müəllifə yardımçı olub, əsərin daha da mükəmməl olması üçün öz fikirlərini irəli sürüblər. Çapa hazırlanan kitab son mərhələsində idi və 4827 səifədən ibarətdir. Səhifələr iki hissəyə bölünüb, hər hissədə 22, səhifədə isə 44 söz yer alıb. Lüğətdə toplam olaraq təxminən 180 min kələmə dərc olunub”- deyə o mətnin bir hissəsində qeyd edib.

 

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasının bu əsərlə əlaqədar olduğunu düşünür. Onlar illərcə zəhmətdən sonra çapa hazır olan qiymətli əsərin gələcək taleyindən nigaran olduqlarını bildirirlər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar